Dekabrın 2-də AFFA İcraiyyə Komitəsinin iclası keçirildi.

Toplantı zamanı “Dalğa Arena”nın ərazisində yerləşən, federasiyaya məxsus 6 sot torpağın satılması ilə bağlı qərar qəbul olundu. İcraiyyə Komitəsinin iclasından 10 gündən çox vaxt keçib. Əmlakın satışı ilə bağlı hansısa yenilik var? Torpağın ümumi dəyəri nə qədərdi? Bu ərazidən futbol meydançası və ya başqa məqsədlər üçün istifadə etmək olmaz?

Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisi artıq torpaq sahəsinin satış qiymətinin bəlli olduğunu bildirdi:
 

“Həmin ərazi AFFA-ya məxsusdu. O vaxt “Dalğa Arena” tikiləndə federasiyanın balansına verilib. Ərazi stadiondan kənardadı. Arena inşa olunan vaxt yolu da AFFA çəkmişdi. Həmin ərazi yolun kənarındadı. Tikinti zamanı AFFA-ya verildi ki, kimsə gəlib “mənim torpağımın yanında yol salınıb” deməsin. Yəni hazırda AFFA-ya istifadə üçün lazım deyil. Ərazinin satılması yolunda ilkin addım atılıb. “Əmlak Ekspert Servis” MMC torpağa qiymət qoyub. Onlar ərazinin 50 min manat dəyərində olduğunu bildirib. Lakin AFFA 71 min manata satmaq niyyətindədi. Hələ ki real alıcı yoxdu. Məsələ ilə bağlı hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”. ("Futbol plus")