Xatırlayırsızsa, biz bu mövzuya aprelin ortalarında da toxunmuşduq.

Məsələnin məğzi belədi ki, ötən il dekabrın 16-da “Sumqayıt”ın baş məşqçisi postundan istefaya göndərilən Ayxan Abasova klubla qarşılıqlı razılıq əsasında təzminat ödənilsə də, köməkçilərindən Elnur Çodarovun başı münaqişədən açılmır. Elnur bəy 4 aylıq maaşının ödənilmədiyi iddiası ilə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmiş, adı çəkilən qurum martın 17-də bu iddianı əsaslı saymışdı. Qərarla barışmayan “Sumqayıt” isə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət edərək, yuxarıda adı çəkilən komitəni haqsız çıxarmışdı. Çodarov vəziyyətdən çıxış yolunu həm AFFA-dan, həm də “Sumqayıt”dan Beynəlxalq İdman Arbitaj Məhkəməsinə (CAS) şikayət etməkdə görür:
 

“4 aylıq maaşım ödənilmədiyi üçün əvvəlcə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət etdim. Həmin məhkəmə şikayətimi təmin etdi. Lakin "Sumqayıt" rəhbərliyi qərarla razılaşmayıb apellyasiya şikayəti verdi. Nəticədə AFFA-nın Apellyasiya Arbitaj Tribunalı qanuni haqlarımı tapdalayaraq, klubun xeyrinə qərar qəbul etdi. Belə olduğu təqdirdə Beynəlxalq İdman Arbitaj Məhkəməsinə şikayət etməyə qərar verdim. Artıq sənədlərlə bağlı bütün prosedurlar yekunlaşıb. İnşallah, sabah sənədləri məhkəməyə göndərəcəm. Vəkillərimlə bütün detalları danışmışıq, qanunlar mənim tərəfimdədi. Haqlarım uğrunda sona qədər mübarizə aparacam. Beynəlxalq məhkəmədə şikayətim təmin ediləcəyi təqdirdə həm alın təri ilə qazandığım 4 aylıq maaşımı, həm də məhkəmə xərclərini "Sumqayıt"la AFFA ödəyəcək”. ("Futbol plus")