Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. İlk matçda 3 zədəli futbolçumuzun xidmətindən istifadə edə bilməmişdik. Qarşıdakı görüşləri də nəzərə alacağıq. Start heyətinə tam qərar verməmişəm”.

59 yaşlı mütəxəssis bildirib ki, bu gün baş tutacaq son məşqdən sonra kimlərin görüşə hazır olub-olmayacağı müəyyənləşəcək: "Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq".

İspaniyalı baş məşqçi ilk matçda 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu".

Miçel Qonsales akademiyadan yetişən futbolçulara şans vermək istədiyini vurğulayıb: "Ehtiyac olacağı təqdirdə onlar da bizə kömək etməyə hazırdır”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Ağdam klubu səfərdə bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.