"Karvan"ın baş məşqçisi Kənan Kərimov Rekord.az-a müsahibə verib:

 

- Ölkə kubokunun II təsnifat mərhələsində "Difai Ağsu"nu məğlub edərək 1/8 finala vəsiqə qazandınız. Başlayaq bu oyundan...

- "Difai Ağsu" çempionatdan tanıdığımız rəqib idi, I Liqada bir dəfə qarşılaşıb qalib gəlmişdik. Bu dəfəki oyun da çətin keçdi, amma əsas olan qələbə idi ki, onu da qazanıb növbəti mərhələyə keçməyi bacardıq.

- Evdə oynasanız da oyun çox çətin keçdi və qolu da çox gec, rəqib azlıqda qalandan sonra vurdunuz.

- Bunun səbəbi rəqibin ortaya qoyduğu oyunla bağlı idi. Çox qapalı oynadıqları üçün oynamaq çətin idi.

- Növbəti mərhələdəki rəqibiniz Premyer Liqa təmsilçisi "Sumqayıt"dı. Sürpriz gözləmək olar?

- Futbolda sürprizlə hər zaman mümkündür. Ona görə demək olmaz ki, sürpriz ola bilməz. Ancaq reallıq da var, onu da qəbul etmək lazımdır. Rəqib Premyer Liqa təmsilçisidir, daha güclüdülər, heyətlərində yer alan legionerlərin səviyyəsi bizim legionerlərdən daha üstündür. Hər halda, gücümüz çatdığı qədər mübarizə aparacayıq.

- Oyun Sumqayıtda keçiriləcək. Yevlaxda keçirilsə idi şansınızı daha çox qiymətləndirmək olardı?

- Təbii ki, Yevlaxda oynasaydıq, şansımız daha çox olardı. Amma püşk belə gətiribsə, bununla barışmaq lazımdır.

- Çempionatdakı hədəfiniz nədir?

- Qarşımıza mütləq şəkildə çempionluq hədəfi qoyulmayıb. Amma bacardığımız qədər çalışacayıq ki, maksimum nəticə qazanaq. Hazırda turnir cədvəlinə nəzərə salsaq, liderdən cəmi 4 xal geri qalırıq və düşünürəm ki, elə də böyük fərq deyil.

- Qış fasiləsi yaxınlaşır. Planlarınız nədir, yəqin ki, heyətin gücləndirilməsi haqda düşünürsünüz...

- Qarşıda üç çempionat və bir kubok matçımız var Bundan sonra dediyiniz məsələlərlə məşğul olmağa başlayacayıq. Açıq etiraf edim ki, yerli bazarda futbolçu qıtlığı var. Yaxşı yerli futbolçu çox azdır. Hansı klubu, hansı məşqçini dindirsən, narazılıq edir. Legioner transferinə də limit qoyulub, o limitdən artıq legioner oynada bilməzsən. Çalışacayıq, bütün mümkün imkanlardan istifadə edək.

- Qışa qədər keçirəcəyiniz üç çempionat oyunundan ikisini evdə keçirəcəksiniz ki, bu da sizin üstünlüyünüz sayıla bilər. Mümkün 9 xalın hamısını toplamaq şansınız yüksəkdir...

- Biz də bunun üçün çalışacayıq. Növbəti turda evdə "İrəvan"ı qəbul edirik. Çətin oyun olacaq, bildiyiniz kimi, rəqib də iddialı komandalardan biridir. "Difai Ağsu" ilə səfərdə üz-üzə gələcəyik, həmin oyun da çox çətin olacaq. Ardınca evdə "Zaqatala"nı qəbul edəcəyik, "Zaqatala" da yaxşı komandadır, ilk dövrədə səfərdə 2:2 oynamışıq. Amma hədəfimiz bu 3 oyundan 9 xal götürməkdi.

 

Anar XANLAROV