Növbəti mövsümdən Mingəçevir yenidən böyük futbola qayıdır. Şəhərin adı ilə I Divizionda mübarizə aparacaq komandada artıq hazırlııqlara start verilib. Mingəçevir stadionu təmirə başlanılıb, daha sonra qazona da əl gəzdiriləcək. Ən çox sual doğuran baş məşqçi məsələsinin hələ də açıq qalmasıdır. Komanda rəhbərliyi yaxın zamanlarda bu məsələyə də aydınlıq gələcəyini bildirib. Maraqlı olan nədir?

 

Mingəçevir kimi futbol şəhəri niyə bu məsələnin müzakirəsini bu qədər uzadır? Hətta eşitdiyimə görə, baş məşqçinin kənardan olmaq ehtimalı da var. Yəni “Mingəçevir”in baş məşqçisi qeyri-mingəçevirli də ola bilər. Sözsüz, hamımız azərbaycanlıyıq, Azərbaycanın hər bölgəsi bizim üçün doğmadı, əzizdi. Qatı yerlipərəstliyin əlehinəyəm. Məsələyə sırf idman prinsipləri baxımından yanaşıram. Yuxarıda da qeyd etdim ki, Mingəçevir futbol şəhəridir və böyük futbol ənənələri var. “Avtomobilçi”dən üzü “Kür nur”a qədər. Bu şəhərdən zaman-zaman güclü futbolçular, məşqçilər çıxıb. Düşünürəm ki, bu gün də “Mingəçevir”i layiqincə çalışdırmağa qadir kifayət qədər mingəçevirli var. Məsələn, Ramiz Məmmədov, Zaur Qarayev, Mehman Alışanov və s. Kənarda məşqçi axtarmağa, ümumiyyətlə, ehtiyac yoxdur. Şəxsən mən olsaydım, komandanın adı və I Divizionda iştirakı təsdiqlənən gün Zaur Qarayevin baş məşqçi təyinatını açıqlayardım. Məlum məsələdir ki, “Mingəçevir” “Energetik”in bazasında yaradılıb. Eyni kollektiv “Energetik”dən “Mingəçevir”ə köç eliyib. “Energetik”in fəaliyyətində isə Zaur Qarayevin zəhməti, gördüyü işlər göz qabağındadır. Sizi bir qədər də keçmişə, 2003-04-cü il mövsümünə aparmaq istəyirəm. Həmin mövsüm I Divizionda elitaya yüksəlmək uğurunda amansız mübarizə gedirdi. Çempionatda legionerləri il ölkəyə səs salan “Gənclərbirliyi”, eləcə də təcrübəli “Göyəzən”, “Karat”, “Siyəzən Broyler”, potensiallı gənclərdən qurulan “Saf” kimi komandalar var idi. Məhz Qarayevin rəhbərlik etdiyi “Energetik” həmin çempionatda baxımlı oyunla bürünc medal və Güclülər dəstəsinə vəsiqə qazanmışdı. Təəssüf ki, sponsor olmadığına görə komanda elitada oynamaq şansını əldən buraxmış, bu şansdan 4-cü pilləni tutan “Karat” yararlanmışdı. Bundan daha öncə, 2001-02-ci il mövsümündə isə həmin Qarayev İmişlinin “Lokomotiv” komandasının yüksək liqaya çıxmasında da xüsusi əmək sərf etmişdi. Həmin vaxt komandanın baş məşqçisi Nazir Muradov olsa da, komandanın elitaya yüksəlməsində oynayan-məşqçi kimi yüksək nüfuza sahib olan Qarayevin danılmaz əməyi olmuşdu. Bu gün Mingəçevirin özündə belə bir məşqçi olduğu halda, kənarda məşqçi axtarmaq heç bir məntiqə sığmaz.

 

Eləcə də Ramiz Məmmədov. Onun da məşqçilik bacarığı haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. “Qəbələ”də gözəl komanda formalaşdırmışdı. “Keşlə” kubok qazandığı ildə Məmmədovun bu zəfərdə böyük payı var idi. Belə demək mümkünsə, Maksimov hazıra nazir gəlib yekunda kubokun qalibi adına sahib çıxmışdı. Səhv etmirəmsə, PRO kateqoriyasına da sahibdir. Düşünürəm ki, təklif olarsa, Məmmədov da canla-başla doğma şəhərində işləmək təklifini mənmuniyyətlə qəbul edər. Bir daha deyirəm, bu cür məşqçilər olduğu halda bu işi uzatmaq, kimlərinsə arasında seçim aparmaq heç bir məntiqlə uzlaşmır.

 

Hər halda, düşünürəm ki, “Mingəçevir” rəhbərliyi yekunda Mingəçevirin futbol ictimaiyyətinin ürəyincə olan ən doğru qərarı qəbul edəcək. 

 

Anar XANLAROV