Misli Premyer Liqasının son turunda əsas diqqətlər təbii ki, "Qarabağ" - "Neftçi" oyununda idi. Müəyyən səbəblərdən 90 dəqiqəni tam olaraq izləyə bilmədim və yalnız ilk hissəyə baxa bildim. Açığını deyəcəm, ilk hissədə "Neftçi" çox xoşuma gəldi. Ona görə yox ki, hesabı açdı, fasiləyə üstün yollandı. Daha öncə də "Neftçi"nin "Qarabağ"a ilk qolu vurması, hətta xal alması halları olub. Sadəcə, bu dəfə "Neftçi" çox cəsarətli oynayırdı. Son illərdə ilk dəfə məndə belə hiss yaranmışdı ki, "Neftçi" bu oyunda "Qarabağ"ı üstün futbolla, hətta iki top fərqi ilə məğlub edə bilər. Təbii, "Qarabağ" futbolçularının səviyyəsi, ustalığı öz yerində, ilk hissədə onlar da təhlükəli epizodlar yaratdılar. Amma məsələ budur ki, "Neftçi" buna qarşılıq verirdi, arxaya çəkilib müdafiə olunmurdu, cəsarətlə əks-hücumlara çıxırdı. Hətta bir epizodda hesab 1:0 olan zaman 100 faizlik qolu qaçırdılar. Bu mənada oyundan sonra internetə daxil olub hesabı öyrənərkən 3:1-i görüb təəccübləndim. İlk hissədə o cür oynayan "Neftçi" necə olub ki, fasilədən sonra 3 top buraxıb. Dərhal açıb oyunun videosuna baxdım və hər şey məlum oldu. Mənim baxdığım 7-8 dəqiqəlik videoda hansısa hakim səhvi görmədim. Hiss olunan bu idi ki, "Qarabağ" fasilədən sonra oyuna ağırlığını daha böyük ölçüdə qoymağa başlayıb və "Neftçi" bu ağırlığa tab gətirməyib. Bərabərlik qolunda öncə qapıçını qınamaq istədim ki, qaytarmaq olardı, amma təkrarda gördüm ki, mümkün deyil, Kadi topu ustalıqla və qapıçı üçün əl çatmayan nöqtəyə vurub. Zubirin qolu məlum məsələ, bu gün ikili epizodda Zubirlə Mbodj üz-üzə qalırsa, birincinin bu epizoddan qalib çıxmaq şansı daha çoxdur. Üçüncü qolda da "Neftçi" müdafiəsi özü-özünü çaş-baş salıb qola şərait yaratdı.

 

Deməyim nədir? Görünən budur ki, bu mövsüm də "Qarabağ"ı dayandıran olmayacaq. Amma bu komandaya qarşı sözün əsl mənasında "boy" verəcək komanda Azərbaycan çempionatında mütləq olmalıdır. Bir neçə demirəm, hələlik bir komanda olsun heç olmasa. Əks halda bu çempionatın marağı olmayacaq. "Qəbələ" bir dönəm böyük pullar yatırdı, dirəndi, amma son anda onlar da bacarmadı. Amma sağlam rəqabət baxımından mütləq olmalıdır. İndiki halda "Qarabağ" və AFFA cəbhəsi üz-üzə qalıb. AFFA cəbhəsinin də ən resurslu komandası "Neftçi"dir. "Sumqayıt", "Səbail", "Şamaxı", "Kəpəz", "Turan Tovuz"la bunu edə bilmərsən. "Zirə" və "Qəbələ" o halda deyil. "Sabah" hələ nə isə etməyə çalışır, indidən bu komandanın "Qarabağ"la başa-baş gəlməsi çətindir. Bu tempi saxlayıb bir az da artırsalar 2-3 ilə bəlkə nə isə oldu. Yeganə resurslu komanda "Neftçi"dir, amma bu komanda ilə də heç nəyə nail olmaq olmur. Çünki düzgün idarəçilik sistemi yoxdur. Bunun da əsas səbəbi klubun vahid idarəçinin əlində cəmləşməməsidir. AFFA-nın nəzarətinə keçənə və mənasız Müşahidə Şurası yaradılana qədər "Neftçi"də vahid idarəçilik olub. Arif Paşayevin, Rasim Rəfiyevin vaxtından üzü Sadıq Sadıqova qədər. Yalnız AFFA kluba müdaxilə edəndən sonra "Neftçi" bir neçə şəxsin maraqlarına qurban gedən kluba çevirilib. Mütləq və mütləq şəkildə asılılıq aradan qalxmalıdır. Tək "Neftçi" yox, əslində bütün klublara aiddir. Hansısa klub AFFA-dan 1 manat da olsa, yardım alırsa, bu və ya digər şəkildə asılı vəziyyətə düşür. Deyəcəksiniz ki, filan filan problemlər, səbəblər var, müstəqil klub yaratmaq, saxlamaq çox çətindir və s. Razıyam, qəbul edirəm, özüm də zaman-zaman bunları dilə gətirmişəm. Amma rəqabətli çempionat istəyiriksə, bunun başqa çıxış yolu yoxdur. Əks halda "Qarabağ" hər il rahat şəkildə çempionluğunu bayram edəcək və buna görə onları qınamaq da olmaz.

 

Anar XANLAROV