“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf Mert Çelikdən sonra daha bir futbolçu ilə problem yaşayır.

Rekord.az xəbər verir ki, rumıniyalı çalışdırıcı klub rəhbərliyi tərəfindən transfer olunan Solomon Kverkveliyanı “qara siyahı”ya daxil edib.

Gürcüstan yığmasının da formasını geyinən müdafiəçinin hazırlıq səviyyəsi mütəxəssisi qətiyyən qane etmir.

O. yayda 2 illik müqaviləyə imza atan arxa xətt oyunçusunun taktiki sxeminə uyğun gəlməməsi haqda raport verib.

Regekampf Kverkveliyanı Premyer Liqanın 3-cü turundan bəri “qaralayıb”. Həmin tur “Sabah”ın qonağı olan “ağ-qaralar” Masazırdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Rumın bir penaltiyə səbəbkar olan gürcüyə ilk narazılığını məhz onda bildirib. Son 3 turda isə ona davamlı şans tanımayıb. 8-ci tura təsadüf edən “Qarabağ”la derbidə (1:3) isə o, yalnız 79-cu dəqiqədə meydana çıxıb. (sportinfo.az)