Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko rusiyalı terrorçuların Ukrayna şəhərlərini kütləvi şəkildə atəşə tutmasından yazıb.

Rekord.az xəbər verir ki, o, "İnstaqram" hesabında etdiyi paylaşımda raket hücumu zamanı özünün də ölüm təhlükəsi ilə üzləşdiyini bildirib:

“Rusiya doğma vətənimizə 80 raket və 12 kamikadze pilotsuz uçan aparat atıb. Mən bu bombardmanla qatarda rastlaşdım. Və o bir neçə saat əbədiyyət idi.

Mən bir şeyi demək istəyirəm. Heç bir raket, atəş və ya hücum ukraynalıları əzmini qıra bilməz. Evləri, bütün küçələri əlimizdən almaq olar, amma ləyaqəti, cəsarəti, azadlıq arzusunu əlimizdən almaq olmaz. Biz Ukraynanı müdafiə edəcəyik. Kiyevlilərin bu gün metroda oxuduqları kimi, biz də atəş altında oxuyacağıq. Qalib gələnə qədər mübarizə aparacağıq.

Bu çətin gündə hər birinizə təşəkkür edirik. Bu gün nə hiss edirsinizsə: şəriklik, Ukraynaya məhəbbət və mərhəmət, ya da düşmənlərimizə qarşı ümidsizlik, qəzəb - emosiyalarınızı xeyriyyə ianələrinə çevirin. Qoy onlar bizim birgə qələbəmizə doğru daha bir addım olsunlar".