AFFA Hakimlər və Hakim-inspektorlar komitəsinin sədri Frits Ştuxliklə bağlı narazılıqlar durmadan artır.

Rekord.az-a avstriyalı ilə bağlı daha bir maraqlı məlumat daxil olub.

Belə ki, Ştuxlik yaşlı hakim-inspektorları bir-bir federasiyadan uzaqlaşdırır. Bunu isə çox maraqlı səbəblə izah edir. Avstriyalı bütün hakim-inspektorlardan getdikləri oyunların kompyuterlə video təhlilini tələb edir. Əksər yaşlı hakimlərin isə müasir texnikdan başları çıxmadığı üçün avstriyalının bu tələbini yerinə yetirə bilmir. Məhz bundan istifadə edən Ştuxlik də həmin şəxslərlə əməkdaşlığa son qoyur.

Düzdür, ilk baxışdan normal görünə bilər. Yəni hər kəs müasir texnologiya ilə ayaqlaşmalıdır. Lakin iş ondadır ki, bu səbəb heç bütün hakim-inspektorlara şamil edilmir. Yadınızdadırsa, bir neçə gün qabaq Ştuxlikin özünə yaxın hesab etdiyi bəzi gənc hakimləri irəli çəkdiyi, onların səhvlərini ört-basdır etdiyinə dair xəbər paylaşmışdıq. Eyni zamanda bildirmişdik ki, əcnəbi mütəxəssis həmin gənc hakimlərin buraxdığı səhvləri protokola qeyd edən hakim-inspektorlardan raportu dəyişdirməyi tələb edirdi. Yəni hansısa hakim-inspektor Ştuxlikin sevimli hakiminə aşağı qiymət yazırdısa, ondan raportu dəyişdirib yüksək qiymət yazılması tələb edilirdi. Kim buna əməl edir, növbəti oyunlara da hakim-inspektor kimi təyinat alır. Əməl etməyənlər isə bir müddət sonra yuxarıda göstərdiyimiz səbəbə əsasən işindən uzaqlaşdırılır.