"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli "Neftçi" ilə matçdan sonra Rekord.az-a müsahibə verib

 

- Vüsal, öncə milliyə dəvət almağın münasibəti ilə təbrik edirik.

- Çox sağ olun, Allah razı olsun.

- Faizlə desək, dəvət alacağını neçə faizlə gözləyirdin?

- 50 faiz gözləyirdim ki, dəvət alacam. Açığı yayda komandaya gələndə baş məşqçimizə söz vermişdim: komandanı sonuncu yerdən çıxarmaq və milli komandaya dəvət almaq. Hələ ki, hər iki sözümə əməl edirəm. Amma mövsümün sonuna çox var, görək necə olacaq.

- "Neftçi" ilə oyunda öncə hesabda geri düşdünüz, sonra iki qol vurub qələbə qazandınız. Hesabda geri düşməyiniz də gözlənilməz oldu, çünki oyun üstünlüyü sizin tərəfdə idi...

- Hamı onu bizə deyir. Baş məşqçimiz də fasilədə bu haqda dedi, özümüz də öz aramızda dedik ki, qolu heç nədən buraxdıq. Özünüz də bunu gördünüz. Amma söz verdik ki, bu oyunu udmalıyıq. Baş məşqçimiz də bizi inandırdı ki, bu oyunu udacaqsınız.

- Rəqibin baş məşqçisi Roberto Bordin də etiraf elədi ki, bu oyunla məğlubiyyətə layiq idilər. Düşünmürsən ki, "Keşlə" məğlub olsaydı bu oyunun qarşılığında ədalətsiz nəticə olardı?

- Bundan öncəki tur "Səbail"lə oyunda həqiqətən də pis oynamışdıq. Amma bugünkü oyunda çox istəkli idik və ən yaxşı oyunlarımızdan birini oynadıq. Bundan başqa, bilirdik ki, "Səbail" də Qəbələdə uduzub və həmin nəticə də bu oyuna köklənməyimizə kömək elədi.

- Oyunda əsəblərin tarıma çəkildi anlar da oldu və hadisələrin mərkəzində də sən də yer almışdın. Həmin epizodda nə baş verdi, epizoda niyə müdaxilə elədin?

- Həmin epizodda Dabo ilə Slavik Alxasov arasında mübahisə yaranmışdı və mən də aranı sakitləşdirmək üçün müdaxilə elədim. Dabonu da neçə illərdi tanıyıram, Slavik də kapitanımızdır, dostumdur. İstəmədim ki, kimsə qırmılzı vərəqə alsın və arada artıq söhbət olsun.

- Amma sakitləşdirmək əvəzinə aranı qarışdırdən...

- (gülür). Yox vAllah. Hamı deyir aranı sən qatdın, amma mənim niyyətim aranı sakitləşdirmək idi. 

- Bəs Füzuli Məmmədovla niyə insident yaşandı? Çünki onun sənin üstünə qışqırmağından sonra Tərlan Əhmədov da "dava"ya qoşulmalı oldu və onunla da Məmmədov arasında mübahisə düşdü...

- Füzuli müəllim mənim uşaqlıq məşqçim olub. Futbolda ilk addımlarımı onun rəhbərliyi altında atmışam və yetişməyimdə böyük əməyi var. Sadəcə, Füzuli müəllimdən üzr istəmək üçün ona tərəf gedirdim və uşaqlar da yalnış anlayıb mənim qabağımı kəsirdi.

- Belə başa düşdüm ki, Füzuli müəllim sənin üstünə ərk edərək qışqırıb və Tərlan Əhmədov da bunu yalnış başa düşüb...

- 100 faiz. Füzuli müəllim ərk eliyib və mən də onun bu ərkini qəbul edirəm. Tərlan müəllimin də addımını düzgün sayıram o da sağ olsun ki, öz futbolçusunu müdafiə edib.

 

Anar XANLAROV