Sakin Məmmədzadə Cənub zonasının futbol camiəsində tanınan şəxsdi. İlk müstəqil çempionatımızda çıxış edən Lənkəran "Xəzər"inin prezidenti olmuş Sakin bəy uzun illərdi Cənub Regional Futbol Federasiyasının rəhbəri kimi həm Cənub, həm də ölkə futbolu adına faydalı işlər görüb. Təmsil etdiyi zondana çıxan əksər futbolçuların üzərində əməyi var. Rekord.az olaraq bu dəfə onunla əlaqə saxlayıb hazırda "Qarabağ"da forma geyinən və "Xəzər Lənkəran"ın yetirmələri olan Toral Bayramovla Nəriman Axundzadə haqqında suallarımıza cavab aldıq:

 

- Sakin bəy, Nəriman və Toralın futbol gəlişini necə xatırlayırsınız, ilk olaraq harada futbola başlayıblar, sizin onların karyeralarında hansı rolunuz, fəaliyyətiniz olub?

- Onların futbola ilk gəlişini tam olaraq xatırlamıram, amma onları yetişdirən məşqçilər, Röyal və Xəyal Abbasov qardaşları ilk dəfə mənim təşəbbüsüm və təklifim ilə futbol məşqçiliyinə başlayıblar. Hətta ilk öncə onlara məşqçilik etməyi təklif edəndə, onlar bu təklifi qəbul etməyib "biz bacarmarıq" deyirdilər. Amma sonradan razı oldular və biz birlikdə aşağı yaş qruplarında uşaqlar yığdıq, onlar da məşqçi kimi fəaliyyətə başladılar . Mən də bir pedaqoq kimi çalışdım onlara bildiklərimdən öyrədim. Düzdür, futbolla məşğul olan adamlar olublar və özləri də yaxşı futbol oynayıblar, uşaqlarla davranışları hər ikisinin yüksək səviyyədə olub. Cənub zonasında o vaxtlar AFFA-nın təşkil etdiyi elit məşq layihəsində bir sıra istedadlı uşaqlar var idi ki, onlara da orada mənimlə birlikdə məşqlər keçiblər. Sonradan Röyal və Xəyal qardaşları "Xəzər Lənkəran"a cəlb olundular və mən də onların orada da məşq keçmələrinə, məşqçilik fəaliyyətlərini "Xəzər Lənkəran"da davam etmələrinə etiraz etmədim. Azərbaycan futboluna bir çox futbolçuları bəxş ediblər, sadəcə olaraq, üzdə olan, daha perspektivli futbolçular Nəriman və Toraldır.

- Hazırda bu iki futbolçunun çıxışını necə dəyərləndirərdiniz, onlardan olan gözləntiniz nələrdi, sizcə Toral və Nəriman gələcəkdə daha da inkişaf edib Avropada oynaya bilərlərmi? Bunun üçün ilk növbədə nə etmədilirlər?

- Hesab edirəm ki, o futbolçuların çıxışını dəyərləndirmək yersiz olar. Çünki onlar artıq özlərinin necə istedada malik olduqlarını sübut ediblər. Hər ikisi müasir futbolu özündə əks etdirən futbolçulardır. Onların karyerasına gəlincə, "Qarabağ" Futbol Klubunda oynamağın özü şərəfdir və mən elə düşünürəm ki, Qurban Qurbanov da etiraz etməz ki, onlar gələcəkdə Avropada hər hansısa "nəhəng" bir klubda çıxış etsinlər. Bu həm milli üçün, həm də futbolçuların karyerası üçün çox gözəl olar .

- Bu futbolçuların xarakteri haqda nə düşünürsünüz, xarakterləri onlara daha böyük futbolçu olmaqda mane olmayacaq ki?

- Əsas məsələ odur ki, bu futbolçular tanıdığım qədərilə çox tərbiyəli və sadə futbolçulardır. Çox əziyyətlə bu yerlərə gəlib çıxıblar və hesab edirəm ki, hər şey onların təməlindən asılıdır. Özləri də bu yerlərə necə gəldiklərini çox gözəl bilirlər və o məsuliyyəti dərk edirlərsə ümid edirəm ki, gələcək karyeraları daha da parlaq olacaq