1984-cü il futbol üzrə Avropa çempionatı Fransada təşkil olundu. Xatırlayırsınızsa, ilk Avropa çempionatı da 1960-cı ildə məhz bu ölkədə keçirilmişdi. Beləliklə, 24 illik fasilədən sonra Fransa yenidən Avropa çempionatına ev sahibliyi edirdi. Təbii ki, hər turnirdən-turnirə hansısa yeniliklər baş verirdi. Düzdür, reqlament baxımından AÇ-84-də yenilik olmadı. 1980-ci ildə olduğu kimi, 1984-cü ildə də komandalar təsnifat mərhələıdən mübarizəyə başlayıb yekunda final mərhələdə oynayan 8 ən güclü millini müəyyən etməli idi.

 

SSRİ və kənarda qalan digərləri

Avropa çempionatının keçirilməyə başladığı ilk dönəmdən etibarən daim favoritlərdən olan SSRİ yığması 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində tənəzzülə keçmişdilər. Baxmayaraq ki, komanda AÇ-84-ün seçmə mərhələ oyunlarına uğurlu başladı. Onlar hətta Portuqaliyanı evdə 5:0 hesabı ilə məğlub da etmişdilər. Lakin Polşa ilə səfərdə heç-heçə və evdə məğlubiyyət komandanın işini çətinə saldı. Bununla belə, son turda Portuqaliya səfərindən 1 xalla da dönmək kifayət idi, sovet futbolçulara Fransaya yollana bilsin. Lakin penalti qolu ilə qələbə qazanan portuqallar vəsiqəni özləri təmin etdi. Amma onu da qeyd edək ki, həmin penalti haqsız idi. Çünki portuqaliyalı futbolçu cərimə meydançasının kənarında yıxılmışdı. O dövr VAR olmadığı üçün hakimin qərarını dəyişmək mümkün deyildi. SSRİ-dən başqa İtaliya və İngiltərə kimi millilər də Avropa çempionatından kənar qaldı.

 

İlk dəfə 7 stadion

Beləliklə 8 komanda final mərhələyə vəsiqə qazandı: Belçika, Danimarka, İspaniya, Portuqaliya, Rumıniya, Fransa, Almaniya və Yuqoslaviya. Fransa, Danimarka, Belçika və Yuqoslaviya A qrupunda, İspaniya, Portuqaliya, Almaniya və Rumıniya milliləri isə B qrupunda yer almışdı. Oyunlar ilk dəfə 7 stadionda keçiriləcəkdi: Park de Prens (Paris), Feliks Bollar (Lans), Stad de Jerlan (Lion), Velodrom (Marsel), Bojuar (Nant), Joffrua Gişar (Sent-Etyen), La Meno (Strasburq). 3-cü yer uğrunda oyun isə ləğv edilmişdi.

 

Qruplarda yaşanan sürprizlər

A qrupunda Fransanın qrup qalibi kimi yarımfinala çıxacağı hardasa gözlənilən idisə, Danimarkanın 2-ci pilləni tutması gözlənilməz sayıla bilər. Lakin bir məqamı da unutmayaq ki, Danimarka Fransaya gəlmək üçün məhşur “Uembli”də İngiltərə millisini məğlub etməyi bacarmışdı. B qrupunda isə Almaniyanın qrupla qalması sensasiya sayıla bilər. Halbuki son tur öncəsi onlar qrup lideri idi. İspaniya ilə oyunda hətta 1 xal da almanlara kifayət idi ki, mübarizəni davam etdirsin. Lakin ispanlar 90-cı dəqiqədə Masedanın vacib qolu ilə qələbə qazanıb qrup lideri oldular. Almaniya isə qrupda qaldı.

 

Platinin benefisi

İlk yarımfinal qarşılaşmasında Fransa ilə Portuqaliya üz-üzə gəldi. Portuqallar bacardıqları qədər meydança sahiblərinə müqavimət göstərməyə cəhd etdilər. Bir çox halda buna nail də oldular. Xüsusilə fransızların ən təhlükəli hücumçusu Mişel Platini daimi nəzarətdə idi. Bununla belə, ilk hissənin ortalarında fransızlar hesabı açdılar. Lakin həvəsdən düşməyən portuqallar mübarizəni davam etdirib 74-cü dəqiqədə hesabı bərabərşdirməyi bacardılar. Beləliklə, oyun əlavə vaxta getdi. Portuqaliya millisindən bu cür əzmkarlıq gözləməyən fransızlar 98-ci dəqiqədə daha bir şok yaşadılar: bərabərlik qolunun müəllifi Jordao ikinci qolu meydança sahiblərinin qapısına vurur. Lakin toparlanan fransızlar 114-cü dəqiqədə hesabı bərabərləşdirə bilir. Hər kəs oyunun penaltilərə gedəcəyini düşündüyü vaxtda səhnəyə Platini çıxır və 119-cu dəqiqədə vurduğu qolla komandasını finala çıxardır.

Digər yarımfinal oyununda isə Danimarka bu dəfə İspaniya səddini keçməklə növbəti sürprizi reallaşdırmağa yaxın olsa da, son anda penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmalı olur. Baxmayaraq ki, oyunun əvvəllində erkən qol vurmağı da bacarmışdılar.

Beləliklə, finalda Fransa ilə İspaniya üz-üzə gəldi. İspaniya Fransaya qarşı bacardığı qədər layiqli müqavimət göstərməyə çalışsa da, həmin il Platini və komanda yoldaşları hamıdan güclü idi. Məhz bu səbəbdən onların finalda ispanları 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu adını qazanmalarında heç kim təəccüblənmədi. Platini isə 9 qolla turnirin bombardiri seçildi ki, bu da unikal hadisə idi. Təsadüfi deyil ki,  “France Football” jurnalı məhz onu Avropada ilin ən yaxşı futbolçusu elan etdi.

 

A qrupu

Fransa – Danimarka 1:0

Qol: Platini, 78

12 iyun, “Park de Prens”, 47 570 tamaşaçı

Baş hakim: Folker Rot (Almaniya)

 

Belçika – Yuqoslaviya 2:0

Qollar: Vandenberq, 28; Qrün, 44

13 iyun, “Feliks Bollar”, 40 000 tamaşaçı

Baş hakim: Erik Fredriksson (İsveç)

Fransa – Belçika 5:0

Qollar: Platini, 4; 74 (pen), 89; Jirres, 31; Fernandes, 44

16 iyun, “Bojuar”, 51 359 tamaşaçı

Baş hakim: Robert Valentayn (Şotlandiya)

 

Danimarka – Yuqoslaviya 5:0

Qollar:Arnesen, 8, 69 (pen); Berqqreen, 16; Elkyer-Larsen, 82; Lauridsen, 84

Baş hakim: Auqusto Lamo Kastilyo (İspaniya)

 

Fransa – Yuqoslaviya 3:2

Qollar: Platini, 59, 61, 76 – Şestiç, 31; Stoykoviç, 80 (pen)

19 iyun, “Joffrua Gişar”, 45 789

Baş hakim: Andre Dayna (İsveçrə)

 

 

Danimarka – Belçika 3:2

Qollar: Arsesen, 41 (pen); Bril, 60; Elkyer-Larsen, 84 – Kulemans, 26; Verkauteren, 38

 

B qrupu

 

Almaniya – Portuqaliya 0:0

14 iyun, “La Meno”, 47 950 tamaşaçı

Baş hakim: Romuldas Yuşka (SSRİ)

 

Rumıniya – İspaniya 1:1

Qollar: Bolyoni, 35 – Karrasko, 22 (pen)

14 iyun, “Joffrua Giraş”, 17 012 tamaşaçı

Baş hakim: Aleksis Ponne (Belçika)

 

Almaniya – Rumıniya 2:1

Qollar: Föller, 25, 66 – Koraş, 46

17 iyun, “Feliks Bollar”, 31 803 tamaşaçı

Baş hakim: Yan Keyzer (Niderland)

 

Portuqaliya – İspaniya 1:1

Qollar: Souza, 52 – Santilyana, 73

17 iyun, “Veledrom”, 30 000

Baş hakim: Mişel Votro (Fransa)

 

 

Almaniya – İspaniya 0:1

Qol: Maseda. 90

20 iyun, “Park de Prens”, 47 691 tamaşaçı

Baş hakim: Voytez Xristov (Çexoslavakiya)

 

Portuqaliya – Rumıniya 1:0

Qol: Nene, 81

20 iyun, “Bojuar”, 24 266 tamaşaçı

Baş hakim: Haynts Fanler (Avstriya)

 

 

Yarımfinal

Fransa – Portuqaliya 3:2

Qollar: Domerq, 24, 114; Platini, 119 – Jordao, 74, 98

23 iyun, “Veledrom”, 54 848 tamaşaçı

Baş hakim: Paolo Berqamo (İtaliya)

 

Danimarka – İspaniya 1:1 (pen, 4:5)

Qollar: Lerbyu, 7 – Maseda, 67

24 iyun, “Stad de Jerlan”, 47 483 tamaşaçı

Baş hakim: Corc Kurtni (İngiltərə)

 

FİNAL

Fransa – İspaniya 2:0

Qollar: Platini, 57; Bellon, 90

27 iyun, “Park de Prens”, 47 368 tamaşaçı

Baş hakim: Voytex Xristov (Çexoslavakiya)

 

Hazırladı: Anar XANLAROV