“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur. Oyuna yaxşı hazırlaşmışdıq. Qol epizoduna gəlirik, dəyərləndirə bilmirik. Günahkar axtarmağa gərək yoxdur. Günahkar özüməm. Futbolçulara bel bağladıq, güvəndik, o formada olmadılar. Belə duruma gəlib çıxmağın səbəblərindən biri budur. Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik".

Onun sözlərinə görə, futbolçu uğur qazanmaqdan doymamalıdır: “3-cü yer tutmaqla doyursa, gələcəkdə çətinlik çəkəcək. Yayda düzgün qərar qəbul etmişdik. Futbolçuların fikri başqa yerdə ola bilər, formada olmaya bilərlər. Bunlar qaçılmazdır. Bu gün "Keşlə"nin futbolçuları bizdən istəkli idi. Epizodlara girə bilməməyimiz futbolçulara bəlkə də təsir edir. Hər şey ola bilər".

Ayxan Abbasov futbolçuların mövsümün ikinci yarısına hazır olmaları üçün təlim-məşq toplanışı və sparrinq-rəqiblərin önəmli olduğunu söyləyib: "Burada və ya xaricdə olsa, səmərəli toplanış keçirməliyik. Əcnəbi komandalarla görüşmək stimuldur. Bəzi fikirlərim var, rəhbərliklə danışacağam. Seçimimiz çox deyil. Çünki "Keşlə" legioner göndərib legioner ala bilir. Bizdə isə belə imkan yoxdur".

Baş məşqçi bütün komandalar çempionluğa oynaya bilməsinin mümkünsüz olduğunu vurğulayıb: "Qonşu ölkələrin çempionatlarında da hamı eyni büdcədə deyil. Hər şey büdcə və puldan asılı olmur. Sanki komandalar da öz oyunçularını buraxmaq istəmir. Amma yenə də dayanmaq olmaz. Ümid edək ki, nə zamansa "Sumqayıt" iddialılar sırasında olar. İndi isə təslim olmaq düzgün çıxmaz".

Abbasov "Sumqayıt"a baş məşqçi təyin olunduqdan sonra akademiya yetirmələrinə fikir verdiyini deyib: "Məşqlərə yeni futbolçular cəlb etmişik. Amma bu gün elə futbolçu yoxdur ki, biz onlara güvənək. Bir neçə oyunçunun üzə çıxacağına ümid edirik. Hələlik isə o yükü üzərinə götürə bilmirlər. "Keşlə"də ilk qolu vuran limit futbolçusu idi. Bu gün böyük narazılıq etmək səhv olar”.