Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botkanın bir fikri Azərbaycanda diqqət mərkəzinə düşmüş, bəzi azarkeşlərin isə narazılığına səbəb olmuşdu. 28 yaşlı futbolçu "Qarabağ"la Çempionlar Liqasınını üçüncü təsnifat mərhələsinin Bakıdakı ilk oyunundan (1:1) sonra belə bir fikir işlətmişdi:

"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi. Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".

Botkonun stadionda kabab iyi gəlməsini söyləməsi hətta "Qarabağ"ın oyunçularının etirazı ilə qarşılanmışdı. Təsadüfi deyil ki, Budapeştdə Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatan cavab matçından sonra "Qarabağ"ın bəzi oyunçuları bu məsələni qabartmalı olmuşdular.

Endre Botka Macarıstan mətbuatına verdiyi son müsahibədə bu məsələyə bir daha aydınlıq gətirməyə çalışıb.

Rekord.az xəbər verir ki, o, "Nemzeti Sport" nəşrinə müsahibəsində jurnalistin bununla bağlı sualını cavablandırarkən deyib: "Mən həmişə öz fikrimi olduğu kimi deyirəm. Bu zaman isə heç kimin xətrinə dəymək istəmirəm. Yaxşı ki, siz "Qarabağ"la oyunda meydanı tüstü bürüməsi ilə bağlı məsələni qaldırdınız. O vaxt çoxları məni doğru anlamamışdı. Sadəcə, ətrafdan qalxan tüstü meydana yayılmışdı. Bu isə bizə mane olurdu, nəfəs almaq ağır idi. Sonradan isə bir neçə nəfər dedi ki, bu, şəhərdə müşayiət olunan güclü duman da ola bilər. Belə ifadələr kortəbii şəkildə verilir. Mən izləyiciləri və oxucuları bezdirən şablon cavablar verməyi xoşlamıram. Danışanda çalışıram ki, heç kimin qəlbinə dəyməyim".