Ötən mövsümü Region Liqasında keçirən “Göygöl” Futbol Klubu I Divizionda oynamaq istəyir. Klub bunun üçün əsaslı hazırlıq görüb və 2023-2025-ci illərdə inkişaf strategiyası müəyyən edib.

Proqram çərçivəsində qarşıya qoyulan əsas məqsəd Qərb regionunda dayanıqlı, müsbət təsirə malik, müasir tələblərə uyğun, şəffaf va güvənilir yerli futbol məktəbinin təməlini qoyaraq regional şəbəkəyə çevrilməkdir.

Bu fəaliyyətin əsasını U-8, U-12, U-14 yaş kateqoriyaları üzrə komandaların formalaşdırılması, qadın futbolunun inkişaf etdirilməsi, ucqar kəndlərdə təşviqat işinin aparılması, uşaqlar üçün seleksiya təşkil edir. Klub regional futbol brendini formalaşdırmaqla əhali arasında sağlam həyat tərzini aşılamaq, gənc potensialların peşəkar idmana cəlb edilməsilə maddi rifahın yüksəldilməsinə dəstək göstərilməsi missiyası üzərində çalışır.

“Göygöl” Futbol Klubunun 2023-2025-ci illərdə İnkişaf Strategiyası’’na əsasən qarşıya vacib məqsədlər qoyulub. Strategiya çərçivəsində Klub 2025-ci ilədək Peşəkar Klubun tam tərkibdə formalaşdırılması və inkişaf etdirilməsi, Uşaq Futbol Məktəbinin yaradılması, qadın futbolunun yaradılması, futbolun inkişafı və potensialların üzə çıxarılması məqsədilə ən azı 10 layihənin icra edilməsi, Effektiv İanə Sisteminin formalaşdırılması kimi hədəflər müəyyən edib.

Qeyd edək ki, futbolun inkişafı və potensialların üzə çıxarılması məqsədilə icra ediləcək layihələr arasında rayondaxili çempionatların, futbol festivallarının, sosial məsuliyyət layihələrinin təşkil edilməsi, Azərbaycanın tanınmış futbolçuları ilə görüşlərin təşkili kimi önəmli lahiyələr də yer alır.

Məlumat üçün bildirək ki, “Göygöl” Futbol Klubu 25 avqust 2022-ci il tarixində Göygöl rayonunun həvəskar futbolçu gənclərinin təşəbbüsü ilə təsis edilib. Klubun bazası kimi müvəqqəti olaraq Göygöl rayon Olimpiya İdman Kompleksi istifadə edilir. Komandanın heyəti baş məşqçi və 24 nəfər olmaqla, ümumilikdə 25 nəfərdən ibarətdir.