“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun yarımfinalının “Turan Tovuz”la cavab qarşılaşmasından sonra (2:0) açıqlama verib.

Rekord.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öncə demək istəyirəm, hərarət 120 dərəcəyə qalxıb. Düşünürəm ki, son dəqiqələrdə təzyiq 200-dən yuxarı idi. Sevinirəm ki, komandam meydançada futbol oynamağa çalışırdı. Biz rəqibi üstələyirdik. Məğlub da ola bilərdik. Çünki son 3-4 oyuna baxsaq, bizi bəxtsizlik bürüyüb. İndi sevinirik. Düşünmürəm ki, oyun haqda daha çox danışmalıyıq. Sevinirik ki, final oyununu evdə keçirəcəyik. Finala bir ay vaxtımız var. Hər şey edəcəyik ki, kuboku biz qazanaq.

Rəqib 6 müdafiəçi ilə oynayırdı. Mən ona qarşı nə taktika düşünə bilərdim?! Onlar topu daima kənara vururdu. İki dəfə top qapı tirinə tuş gəldi, iki qolumuz sayılmadı… Çətin oldu. Cinah oyunçularını dəyişdik. Çünki rəqibi oradan yarmaq istəyirdik. Meza Kollini oyuna buraxdıq, çünki o, topla olanda təhlükə yarada bilir. Yeqorun ötürməsi bizi finala apardı. Düşünürəm ki, meydançada futbolçularım bacardığını etməyə çalışdı. Ömərin epizoduna baxsaq, cərimə təyin olunursa, rəqibin 4 nömrəli futbolçusu Saldanyanı harada tutsa, vururdu və cərimə edilmirdi. Mən daha çox öz komandam haqda danışa bilərəm.

Gəlin, indi avrokuboklar haqda danışmayaq. Qarşıda final oyunumuz var. Futbolçuları hazırlamaq lazımdır. Bəzi futbolçular zədəlidir. Onlarla danışmalıyıq. Azər Əliyev, Eddi İsrafilov yüz faiz hazır deyil. Onlarla işləməliyik. Diqqətimizi kubokun finalına və çempionatın son oyunlarına yönəltməliyik. Mövsümün sonunda digər məsələlər haqda danışa bilərik. Komandanı daha da gücləndirmək üçün səy göstərəcəyik.

Yeqor gənc futbolçudur. Elə hücumçudur ki, start heyətdə meydanda olanda 10 km qaçır. Həmişə topu qapıya yönləndirir. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Saldanya ilə rəqabətdə olmalıdır. Ümid edirəm ki, növbəti mövsümdə ehtiyat oyunçular skamyası da güclü olacaq. Rəqabət olmalıdır ki, daha da yaxşı olasan. Futbolçular yaxşı çıxış etməyəndə onlar əvəzedici heyətdə olan oyunçularla əvəzlənəcək və “Neftçi” daha da güclü olacaq.

Yarımfinal oyununun uzatmalara getməsini niyə düşünməliydik ki? Üzr istəyirəm, bu ssenarini düşünməmişdim. Kubok oyunları çempionat oyunlarından fərqli keçir. Hər bir komanda burada qalib ola bilər. Finalda uduzmaq üzücüdür. Biz kuboku götürəcəyik.

Biz rəqibləri müqayisə edə bilmərik. Final oyununa hər iki komanda hazır olacaq. Əgər rəqibinin zəif olacağını düşünsən, oyunda uduza bilərsən.

Həmişə deyirəm, indi də deyirəm: qələbə komandaya daha yaxşı təsir edir, atmosfer çox yaxşı olur. Çalışacağıq ki, “Qarabağ”ı məğlub edək. Asan olmayacaq. Növbəti oyuna qədər komandanı hazırlaşdıracağam”.

İki oyunun nəticəsinə əsasən, “ağ-qaralar” 2:1 hesablı qələbə qazanıb və ölkə kubokunun finalına yüksəlib.