Fransa çempionatının 32-ci turunun “Anje” ilə səfər oyunu PSJ-nin iki ulduz futbolçusu – Kilian Mbappe və Lionel Messi üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, Messi bu görüşdə bir məhsuldar ötürmə, Mbappe isə iki qol müəllifi olub.

Nəticədə Mbappe Fransa çempionatında 21-ci əsrin rekordunu təkrarlayıb. 24 yaşlı hücumçu bu turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb. 2005/06 mövsümündə Liqa 1-də debüt edən və hazırda Marsel “Olimpik”inin uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub. Daha əvvəl "Monako"da çıxış edən Mbappe isə bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.

Messi isə cari mövsümdə 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçuya çevrilib. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.

Bundan əlavə, Messi 2006/07 mövsümündən sonra Eden Hazard və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçu olub.