"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Rekord.az-a müsahibə verib:

 

 

- Ayxan müəllim, öncə hazırlığın gedişi haqda ümumi məlumat verməyinizi istərdik...

- Dörd gündür ki, hazırlıqlara başlamışıq. Məşqlərimizi Bakıda keçiririk, yavaş-yavaş heyəti komplektləşdirməyə çalışırıq. Ayın 13-də Türkiyəyə, Qızılcahamama təlim-məşq toplanışına yollanacayıq. Amma həmin vaxta kimi bir yoxlama matçı da keçirəcəyik.

- Rəqibin kimliyi tam dəqiqləşib?

- Bəli, "Araz Naxçıvan"la qarşılaşacağıq.

- Hansı stadionda?

- BOS-un ehtiyat meydançasında.

 

- Türkiyə toplanışı nə qədər sürəcək?

- İki həftə nəzərdə tutmuşuq.

- Təbii ki, yoldaşlıq görüşləri də olacaq. Kimlərlə qarşılaşacaqsınız, rəqiblərinizdən bilinəni var?

- Bəli, yoldaşlıq görüşləri mütləq şəkildə olacaq. Dörd yoxlama görüşünün olmasını istəmişəm. Hələlik rəqiblərin kimliyi bilinmir. Yay hazırlığında Qızılcahamama çox komanda gəlir. Sadəcə baxmaq lazımdır ki, kim, hansı gün üçün uyğun olacaq. Hər halda, səfərimizi təşkil edən şirkətə planımızı vermişik. Ümid edirəm ki, bu baxımdan problem olmayacaq.

- Heç olmasa, yoxlama görüşlərinin keçiriləcəyi tarixlər bəllidir?

- Bəli. Oyunlarımız iyulun 12-i, 17-i, 22-i və 27-i olacaq. 27-nə iki oyun keçirmək istəyirik.

 

- Adları "Turan Tovuz"la hallanan legionerların hamısı ilə razılığa gəldiniz?

- Martin Petkovla artıq müqavilə bağlamışıq. Bruno Qonçalves bu gün gəlir. Otto Conla Patu bir neçə gündür Bakıdadır, kollektivlə birgə məşq edirlər və onlar da yeni mövsümdən "Turan Tovuz"un şərəfini qoruyacaq. 

- Yerli futbolçu transferini yekunlaşdırmısınız?

- Demək olar ki, bəli. Düşərgədə 3 futbolçu var, onlarla bağlı qərar da "Araz Naxçıvan"la oyundan sonra veriləcək. Heyəti tam komplektləşdirib Türkiyəyə getməyi düşünürük.

 

Anar XANLAROV