Bu gün Bakının Günəşli qəsəbəsində yerləşən "Birlik" Peşəkar Futbol Klubunda şəhid genaral-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş uşaqlar arasında futbol yarışı keçirilib. Tədbirdə "Birlik" PFK-nın prezidenti Şakir Eyyubov, şəhidimizin qardaşı İlham Həşimov, məşqçilər, valideynlər iştirak etdilər. Mərasimi giriş sözü ilə açan klub prezidenti Ş. Eyyubov turnirin önəmindən danışıb. Polad Həşimovun heç zaman unudulmayacağını vurğulayan Şakir bəy gənc nəslin şəhidlərimiz haqqında məlumatlı olmasının əhəmiyyətini önə çəkib. Daha sonra söz şəhid generalımızın qardaşı İlham Həşimova verilib. İ.Həşimov yarışın baş tutmasına görə hər kəsə təşəkkürünü bildirərək Polad Həşimovun futbola sevgisindən danışıb:


"Polad futbolu çox sevirdi. Beyləqanın "Mil" komandasının oyunçuları ilə şəxsi əlaqələri də vardı. Tez-tez futbol oyunları təşkil edərdi. O, həm yaxşı insan, həm yaxşı hərbiçi, həm də futbolçu idi"


Çıxışını yekunlaşdıran İlham bəy məşqçilərlə görüşərək hamıya uğurlar arzuladı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra turnirə start verilib.

 

Qeyd edək ki, "Birlik" PFK şəhid və qazi övladları üçün ödənişsiz fəaliyyət göstərir.