"Qarabağ"ın sabiq futbolçu və məşqçi heyəti Ağdama səfər edib.

Rekord.az xəbər verir ki, işğaldan azad olunmuş Ağdama səfər bu gün baş tutub.

Ziyarətçilər arasında "Qarabağ"ın sabiq baş məşqçi Ağasəlim Mircavadov, sabiq futbolçuları Səttar Əliyev, Elşad Əhmədov, Elşad Xudatov, Müşfiq Hüseynov, Yaşar Hüseynov və başqa veteranlar yer alıb.

Belə geniş tərkibdə Ağdama yollanmaq heç də təsadüf deyil. Belə ki, sabiqlərin iştirakı ilə "Qarabağ"la bağlı Ağdamda film çəkilir. Filmin çəkilişləri tək Ağdamda aparılmayacaq. Əldə etdiyimiz məlumata görə, film heyəti Sumqayıta gedib "İnşaatçı" stadionunda da çəkiliş aparacaq. Çünki Ağdam klubu məcburi köçkün həyatı yaşadığı dönəmdə uzun müddət ev oyunlarını məhz bu stadionda keçirib.