Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, “Qəbələ” Bakıda “Səbail”lə üz-üzə gələcək.

Aprelin 27-də keçiriləcək matç komandaların 26-cı dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” böyük üstünlüyə malikdir. İndiyədək keçirilən 25 görüşdə 14 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 5 dəfə qalib gəlib. Rəqib qapısından 47 top keçirən “Qəbələ” 27 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub. Yarımfinalın ilk görüşündə dubl müəllifi olan Rafael Utziqin hesabında 4 top var. Cari mövsümə təsadüf edən 4 matçda uduzmayan “qırmızı-qaralar” hər görüşdə ən azı 2 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” “Səbail”lə 22 dəfə çempionat, 3 dəfə kubokda üz-üzə gəlib. Kubok çərçivəsindəki bütün oyunlarda “qırmızı-qaralar” qalib gəlib. 2017/18 mövsümündə 1:0 və 4:2 hesablı qələbələrə imza atan “Qəbələ” bu dəfə də duelə qalibiyyətlə başlayıb – 3:2.

Rəqib meydanında 14-cü dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə və 3 heç-heçəyə nail olub. Digər 5 matçda isə meydan sahibləri qalib gəlib. Bu qarşılaşmalarda top fərqi “Qəbələ”nin xeyrinədir – 20-19.

Xatırladaq ki, aprelin 27-də keçiriləcək oyun “ASCO Arena”da baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Mayın 1-də isə komandalar Premyer Liqada üz-üzə gələcək. Həmin görüş Qəbələdə təşkil olunacaq.