Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin transferlərindən biri isveçrəli forvard Mario Qavranoviçdir.

Ötən mövsümü Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında keçirmiş 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “19” nömrəli formanı geyinəcək.

Qavranoviç 2018-ci ildən “Dinamo”nun formasını geyinirdi. O, ötən mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 17 qol vurub. Bu mövsümün geridə qalan hissəsində futbolçu 5 matçda 1 qolla yadda qalıb. İsveçrə yığmasında da oynamış forvard, daha öncə “Riyeka”, “Sürix”, “Maynts”, “Şalke” kimi klubların da formasını geyinib.

“Kayserispor” iranlı yarımmüdafiəçi Əli Kərimini də transfer edib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “6” nömrəli forma altında çıxış edəcək. İran yığmasında da 11 oyun keçirmiş Kərimi, karyerası ərzində “Sepahan”, “Dinamo” (Zaqreb), “Lokomotiv” (Zaqreb), “İstiqlal”, “Qatar” və “Əl Duhail” kimi klubların formasını geyinib.

Kayseri təmsilçisinin digər transferi Türkiyə millisinin sabiq hücumçusu Mustafa Pektemekdir. 32 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. Ötən mövsümü “Alanyaspor”da keçirmiş futbolçu, Super Liqada meydana çıxdığı 35 matçda 7 qola imza atmışdı. O, karyerası ərzində “Sakaryaspor”, “Sarıyer, Gənclərbirliyi”, “Beşiktaş”, “Başakşəhər” və “Kasımpaşa” klublarının da formasını geyinib. Təcrübəli futbolçu yeni komandasında “9” nömrəli formanı seçib.

Super Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Karlos Maneni də transfer edib. Ötən mövsümü “Rio Ave”də keçirmiş futbolçu artıq Kayseriyə gəlib və yeni komandası ilə məşqlərə başlayıb. Onunla da ən qısa zamanda rəsmi müqavilə imzalanacağı diqqətə çatdırılıb.

Mane karyerası ərzində “Sportinq” (Lissabon), “Ştutqart”, “Union Berlin” klublarında da forma geyinib. O, ötən mövsüm “Rio Ave”nin heyətində meydana çıxdığı 40 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.