“Qarabağ”ın prezidenti Tahir Gözəl AEL-lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Həyəcanlı anlarınız çox oldu?

- Həddindən artıq çox oldu. Çünki Qarabağın Qarabağın sahiblərinə qayıtmasından sonra avrokuboklardakı ilk çıxışımızdı. “Qarabağ”ın əvvəl bir fərqli missiyası var idi, bu gün bir fərqli missiyası var. Bu oyun çox diqqətimdə idi. Çünki klub olaraq, büdcə olaraq, mənəbvi güc olaraq onlardan üstün idik. Yəqin bildiniz nə deyirəm. Ona görə də çox sevindim. Sona doğru təzyiqi artırdıq və qələbə topunu vurduq. Həm də COVİD-dən yorulduq, tək tamaşa etməkdən yorulduq. 1.5 illik fasilədən sonra azarkeşlərimizi gördük, “İmarət”i gördük, onların səsini eşitdik. Bunlara çox həsrət qalmışdıq. Düzdür, özüm də açıq şəkildə görürəm ki, hücumçuya ehtiyacımız var. Amma istənilən halda, qələbəyə çox sevindim.

 

- “Qarabağ” hamını qrup mərhələsinə öyrəşdirib. Necə düşünürsünüz, bu xoş ənənəni davam etdirmək mümkün olacaq?

- Bilirsiniz, son illər dünyada futbol ildən ilə çətinləşir. Ötən gün Qurban Qurbanovla da bu haqda danışdıq. Neçə vaxtdır bir hücumçu almaq istəyirik, amma çox çətinliklə qarşılaşırıq. Bununla belə, inanıram ki, başda Almeyda olmaqla, komandaya yeni qoşulan futbolçular qıza zamanda tam uyğunlaşsalar, yaxşı nəticələr də olacaq.

 

- Stadionun vəziyyəti yaxşı deyildi. Bunu düzəltmək mümkün deyildi?

- Həqiqətən də stadionun vəziyyəti heç də yaxşı deyil. Ona görə də çox çətin oldu. Layihə icra olunan zaman səhv icra olunub. Ona görə, infrastruktur drenaj çatmır. Əslində “Qarabağ”ın öz stadionu bu gün Azərbaycanda ən yaxşı stadionlardan biridir. Təəssüf ki, parkinq imkanları olmadığı üçün oyunlarımızı öz stadionumuzda keçirdə bilmirik. Amma Respublika stadionu mütləq şəkildə dövlətin nəzarətinə keçməli və böyük investisiya qoyularaq yenidən təmir olunmalıdır.

 

- Növbəti avrokubok matçınızı başqa sytadionda oynaya bilərsiniz?

- Bunu hələ öz aramızda müzakirə etməmişik. Amma vəziyyət doğurdan çətindi.

- İki gün sonra yeni mövsüm başlayır. Yəqin ki, hədəfiniz çempionluğu bərpa etməkdir...

- Mütləq. Bir hücumçu problemimiz var, onu da həll etsək, düşünürəm ki, çempionluq üçün mübarizə aparamğa tam layiq bir komandamız olacaq.

- Artıq neçənci dəfədir ki, “Qarabağ”, eləcə də Azərbaycanın digər klubları Kiprdə təxribatla üzləşir. Bununla bağlı UEFA-ya, digər müvafiq qurumlara hansısa şikayət, etiraz nəzərdə tutulub?

- Çox üzücü, utancverici, insanlığa yaraşmayan hadisədir. Onları bilmirəm, amma bizdə qonaq çox əziz insandı və bu gün də biz onların klub prezidentini ən yuxarı başda oturtduq. Qalan şeylərə gəlincə, onun cavabını bu gün meydançada verdik. Mən belə şeyləri ciddiyə almıram.

- Qayıdış baş tutandan sonra, avrokubok oyunlarının Ağdamda keçirilməsi müzakirə olunubmu, ümumiyyətlə, belə şeyin baş verməsi nə vaxta planlaşdırılır?

- Yox, hələ ki, bununla bağlı bir proqramımız yoxdur. Bu, sırf dövlətin proqramıdır. Çünki bəli, Qarabağ işğaldan azad olunub. Amma görüləsi xeyli işlər var. Enerji infrastrukturu, yol infrastrukturu, can güvənliyi və s. Həm düşünürəm ki, bu dəqiqə Ağdamda bərpası stadiondan daha vacib sahələr var. Ona görə indidən bu haqda danışmaq çox tezdi.  Amma İnşAllah o da olacaq.

- “Qarabağ” klubu olaraq,  ən ali hədəfiniz nədi?

- Hədəfimiz öz futbolçularımızı yetişdirmək. Hazırda klubumuzda 160 uşaq var.  Bir klub prezidenti kimi arzum həmin uşaqları əsas komandada görməkdi. Amma bu da asan proses deyil. Bəzən görürsən bir nəsil gəlir, oynayır, amma ardınca 4-5 il yeni nəsil gəlmir. Amma biz istəyirik ki, klub kimi öz yetirmələrimizi oynadaq. Çünki yenə deyirəm, xaricdən futbolçu gətirmək ildən-ili çətinləşir, imkansızlaşır. Avropada klubların büdcələri 4-5 dəfə artıb. Ona görə hətta adi futbolçular belə, biz tərəflərə baxmırlar. Bura gəlməkdənsə elə qalıb öz ölkələrinin ikinci liqasında oynamağı üstün tuturlar. Çünki həm də təlabat var.

 

- Kiprdə baş verənlərə görə, rəqib klubun rəhbərliyində hansısa üzrxahlıq oldu?

 

- Xeyr. Heç onlarla hansısa ünsiyyətim də olmadı. Üzrləri də bizə lazım deyil. Əsas odur olanlardan nəticə çıxartsınlar. Çünki baş verənlərlə özlərini kiçildirlər. Amma onu deyə bilərəm ki, biz bu gün onların rəhbərliyini Azərbaycanın adına layiq qarşılayıb yola salırıq.