Tərlan Əhmədov Azərbaycan futbolunda iz qoymuş şəxslərdən olub. Biri var söz gəlişi bunu deyəsən, biri də var, həqiqətən belə olub. Adam SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının heyətində Avropa çempionu olub. Bu faktın özünü deyib, məsəyə nöqtə qoymaq olar. Tək bununla bitmir axı. Uzun illər milli komandanın, eləcə də ölkənin iddialı klublarının şərəfini qoruyub, kapitan sarğısını daşıyıb. Eyni zamanda Rusiya, Ukrayna, İran kimi ölkələrin yüksək liqa komandalarında forma geyinib. İndikilər Biləcəridən o tərəfə gedə bilmir. Tək futbolçu karyerası olsa, deyərəm, əşi, futbolçu kimi güclü olsa da, məşqçi kimi o effekti verməyib. Amma elə deyil axı. Əhmədov məşqçi kimi də özünü sübut edib. Onun "Neftçi"dəki və "Keşlə"dəki fəaliyyəti uzaq keçmişdə deyil.  8 komanda arasında 7-ci pillədə qərarlaşan "Neftçi"ni bataqlığın içində qəbul edib mövsümün sonunda bürünc medal qazandırdı. Həmçinin, qeyri-ciddi klub imici daşıyan "Keşlə"yə də analoji uğuru qazandırdı. Məşqçisi olduğu komandalar hər zaman baxımlı futbol sərgiləməsi ilə diqqət çəkib. Belə bir məşqçi niyə bu gün işsiz qalıb? Niyə onu məqsədli şəkildə futboldan kənar tutublar? Ramin Musayevin adamıdır ona görə? Bu nə hoqqabazlıqdı? İndi Elxan Məmmədov Ramin Musayevə düşmən gözü ilə baxırsa, Musayevə salam verən hər adam "qara siyahı"ya düşüb işsiz qalmalıdır? Həm dərinə getsək, Ramin Musayevin bu ölkənin futboluna daha çox xeyiri dəyib, nəinki Elxan Məmmədovun. Musayevin ən uğurlu kadrı Qurban Qurbanov. Məhz onun sayəsində vaxtı ilə "Qarabağ" rəhbərliyi o dövr üçün gənc və təcrübəsiz məşqçini komandanın başına gətirdi və nəticəsini bu gün hamı görür. Həmin Elxan Məmmədovun, onun kadrlarının komaya saldığı Azərbaycan futbolunu Qurban Qurbanov süni nəfəs aparatına qoşub arxasınca sürüyür, ömrünü bacardığı qədər uzadır ki, bəlkə komadan ayıla. Nədir bu aqresiya, nədir bu kin, nədir bu futbol terroru? 49-50 yaş bir məşqçi üçün ən parlaq, ən pik dönəmdi. Amma Tərlan Əhmədov həmin parlaq olacaq dönəmini evdə oturmaqla keçirir. Niyə ona iş verilmir? De Byazi milli üçün Tərlandan daha çox can yandırır, bəlkə Obradoviç Tərlandan daha güclü məşqçidir? Hələ mən daha aşağı yaş qruplarında çalışmış, gəlib-getmiş yararsız digər əcnəbiləri demirəm. Nəinki milli, klubların da qapıları bu insanın üzünə qapanıb. Samir Abasovu göndərməyə çalışan "Neftçi" niyə xarici məşqçilərlə danışıq aparmalıdır? Həmin xarici Əhmədovdan daha yaxşı nəticə verəcək? Fiasko ilə üz-üzə dayanan "Şamaxı" niyə bu şəxsə qapı açmır? Axı ən azı Zaur Axundov Əhmədovun gücünü bilir və görüb? Elxan Məmmədovun qəzəbinə gəlməkdən ehtiyat edir? "Səbail"in adını çəkərdim, amma onlar sabiq baş katibin qorxusundan bəlkə də "t "hərfini leksikonlarından çıxardıblar. "Sumqayıt"ın heç adını çəkməyə ehtiyac yoxdur. Adam sadəcə, futboldan iyrənir. Cənablar, bu, həmin Tərlan Əhmədovdur ki, 2002-ci ildə futbolçu karyerasını təhlükə altına ataraq milli ilə Serbiya və Çernaqoriyaya yollanmağa qərar vermişdi. Hansı ki, Fuad Musayevə müxalif olan və hökumətdən dəstək alan qüvvələr həmin vaxt Azərbaycandakı bütün klubların rəhbərlərinə tapşırıq vermişdi ki, hansı klubun futbolçusu millinin düşərgəsinə yollansa, o futbolçu həmin klubdan, dolayı yolla futboldan uzaqlaşdırılacaq. Ölkə xaricində legioner həyatı yaşayan futbolçular üçün problem olmadığından onlar millinin düşərgəsinə qoşulmuşdular. Yerli çempionatda çıxış edən futbolçulardan isə yalnız həmin vaxt "Qarabağ"ın şərəfini qoruyan Tərlan Əhmədov özündə cəsarət tapdı, bu xəbərdarlığa məhəl qoymayaraq millinin düşərgəsinə yollandı və Serbiyadan futbol tariximizə düşəcək nəticə ilə geri dönməyi bacardı. Bax həmin Tərlan Əhmədovun daşı düşsün onu  bu gün bu duruma salanların başına. Hansı ki, Azərbaycan futbolunun axırına çıxıblar. Utanın, əgər, utanan üzünüz varsa. Mənim deyəcək başqa sözüm yoxdur.

 

Anar XANLAROV