“Qarabağ”ın futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı agent Aleksandar Ristiç “RB Sport”a açıqlamasında verib.

Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu müdafiəçi ilə maraqlanıb:

“Həqiqətən də, Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir”.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da Rusiya klublarının Marko Veşoviçlə maraqlanması barədə iddialara münasibət bildirib. 50 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında jurnalistlərə açıqlama verib və bunun normal olduğunu söyləyib: “Dəfələrlə belə hal yaşanıb. Çox futbolçumuza təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Yeni sözləşmə qarşıdakı aylarda müzakirə ediləcək. Narahat olacaq bir şey yoxdur".

Xatırladaq ki, Veşoviç 2021-ci ildən “Qarabağ”ın formasını geyinir.