Almaniya çempionu “Bayern” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi İsveçrə yığmasının və Mönhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommeri transfer edib.

35 yaşlı qolkiper yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Bayern” bu transferə görə “Borussiya”ya 8 milyon avro təzminat ödəyib.

Zommer 2014-cü ildən “Borussiya”da forma geyinirdi. Təcrübəli qolkiper Mönhenqladbax təmsilçisində 335 oyun keçirib. O, daha öncə ölkəsində “Bazel, “Qrasshopper” klublarının, həmçinin Lixtenşteynin “Vaduts” komandasının da uğurları üçün çalışıb. Zommer İsveçrə milli komandasında da 80 oyuna çıxıb.

Zommeri “Bayern”ə satan “Borussiya” da heyətinə yeni qapıçı cəlb edib. Sözügedən klub Fransanın “Monpelye” komandasından Yonas Omlini transfer edib. Maraqlıdır ki, Omlin də İsveçrədəndir. 29 yaşlı qolkiperlə 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. Mönhenqladbax klubu da yeni qapıçısı üçün 8 milyon avro ödəyib.

Omlin 2020-ci ildən “Monpelye”də çıxış edirdi. O, Fransa komandasında 74 oyun keçirib. İsveçrə milli komandasında 4 oyuna çıxmış qapıçı, “Monpelye”dən öncə “Bazel”, “Le Mont”, “Krins” və “Lutsern” kimi klubların da formasını geyinib.

“Borussiya” yarımmüdafiəçisi Rokko Raytsı isə “Sent-Trüden”ə icarəyə verib. Almaniyadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi Belçika təmsilçisində oynayacağı diqqətə çatdırılıb. Rokko Rayts “Borussiya”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 4 oyun keçirib. Gənc yarımmüdafiəçi ötən mövsüm də “Sent-Trüden”də icarədə olub.