İsgəndər Cavadov "Neftçi"nin canlı əfsanələrindən sayılır. Bir vaxtlar" ağ-qara" formada göstərdiyi oyunla azarkeşlərin ürəyini fəth edib, yüz minlərlə insanın sevgisini qazanıb. Çox təəssüf ki, futbolçu karyerasını başa vurandan sonra nə məşqçi, nə də futbol idarəçisi kimi özünü sübut edə bilmədi. Əksinə, zamanla AFFA-nın sadiq quluna çevirilməklə, vəzifə naminə bütün reallıqlara göz yummaqla vaxtı ilə futbolçu kimi qazandığı hörməti də itirməyə başladı. Bu gün AFFA İK-da yer alan və federasiyanın saray məşqçisi statusunu daşıyan Cavadovun əsas işi aldığı vəzifə və "paket" qarşılığında susmaq, AFFA-da qəbul olunan, əksəriyyətinin futbolumuza zərbə vurduğu qərarlara əl qaldırmaqdan ibarətdir.

Bir neçə il bundan qabaq İsgəndər Cavadov öz adını daşıyan futbol akademiyasının təqdimatını elədi. İlk anda çoxları bu addımı alqışladı. Çünki dünyanın əksər ölkələrində veteran və məşhur futbolçular öz adlarını daşıyan futbol akademiyaları açır və orada ölkələri üçün güclü futbolçular yetişdirirlər. Amma "İsgəndər Cavadov Futbol Akademiyası"nda vəziyyət tam fərqli oldu. Adında "akademiya" sözü olsa da özü qaçqın statuslu komanda kimi fəaliyyət göstərməyə başladı. Əvvəlcə "Bakı"nın bazasında məskunlaşan sözügedən akademiya daha sonra buradan çıxarıldı və hazırda icarə əsasında Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Adı akademiya olsa da AFFA-nın və valideynlərin əlinə baxır. Yəni federasiya formalarını, toplarını, nəqliyyat xərclərini qarşılayır, valideynlərdən yığılan üzvülük haqqı ilə də stadionun icarəsi ödənilir. Akademiyanın göstərdiyi nəticələr də ürəkaçan deyil. AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında 3 yaş qrupunda təmsil olunan "İsgəndər Cavadov Futbol Akademiyası"nın komandaları bəzən  rəqiblərinə xokkey və həndbol hesabları ilə məğlub olurlar.

Avropada və dünyada bu cür akademiyaları açan məşhur futbolçular ora ya öz cibinin maliyyəsini xərcləyir, ya da güclü sponsorlar cəlb edir. Akademiyaya qəbul edilən uşaqlardan heç bir pul alınmır, onlara ən yüksək şərait yaradılır, çalışan məşqçilərə ən yüksək əmək haqqı verilir və s. "İsgəndər cavadov Futbol Akademiyası"nda isə hər şey urvatsız şəkildədi. Cavadovun özü də, adı da, akademiyası da. Bunun günahının kimdə olmasına isə dəyərli oxucular cavab versin...

 

Anar XANLAROV