Noyabrın 7-də, “Şəfa” stadionunun 4-cü meydançasında futbol üzrə Həvəskarlar Liqasının aşağı dəstəsi, yəni belə demək olarsa, Həvəskarların Həvəskarlar Liqasında 7-ci turun bir matçı keçirildi. “Red Star Baku” ilə “Wolves Baku” axşam saatlarında üz-üzə gəldilər. Əksərimiz üçün adidən də adi bir qarşılaşmadı ilk baxışdan. Ancaq ilk baxışdan. Bu matçın bəzi Premyer-Liqa oyunlarından daha vacib, daha maraqlı olması klubların öz feysbuk səhifələrində yerləşdirdyi oyun afişalarından belə aşkar hiss edilirdi. Hamının şənbə axşamını televizor qarşısında keçirib “Qalatasaray”a, ya “Zirə”yə baxmaq seçimini etdiyi bir vaxtda, mən “İdeologiyalar derbisi”ni canlı izləmək qərarını verdim. Yanılmadım da.

 

Millətçilər

 

Sosialistlər

 

Futbol - xeyirin şər üzərindəki qələbəsi
İnsanlar minilliklər boyu dini, irqi, cinsi və başqa cür nəsnələrin qurbanı olub, mübarizəsini aparıb, qalib gəlib, məğlub olub. Düşüncə fərqləri onları qanlı döyüşlərə, müharibələrə, inqilab və çaxnaşmalara məcbur edib. Minlərlə, milyonlarla insan sadə bir fəlsəfi ideyanın qurbanı olublar. Kimsə sosialist, kimsə milliyətçi, kimsə qatı müsəlman, kimsə qatı xristian, bir digəri kapitalist, o birisi demokrat, bir başqası irqçidi. Həyata baxış bucağı insanların sayı qədərdi. Bəzən bu insanlar təxmini eyni fikirlər üçün bir araya gəlir, onlara əks düşünənlərlə bəzən ölümə qədər vuruşurlar. Şükürlər olsun ki, futbol vasitəsilə bu baxış fərqlərinin toqquşma zirvəsi adi bir matçdı. Pasefistlə militarist, müsəlmanla buddist, ən nəhayətində milliyətçi ilə sosialist yaşıl meydanda münasibətinə aydınlıq gətirə bilər. Belədə isə qan yox, uzaqbaşı tər tökülə bilər. Bu isə insanlığın şər üzərində ən böyük qələbəsidi. Çox sağ ol, futbol...

 

Millətçilərlə sosialistlər matça dost kimi başlayıb dost kimi bitirdilər

 

Peşəkar təşkilatçılıq
Başlanğıc olaraq deyim ki, “Red Star” – “Vulvz” matçı sosialistlərlə millətçilərin ilk belə derbisidi. Hər iki komanda Həvəskarlar Liqasının aşağı dəstəsində oynayırlar. Bu turnirdə ilk dörd pilləni tutanlar “yüksək dəstə”yə vəsiqə qazanırlar. Ordan yuxarı isə yol I Divizionadı. Adi bir matçdan görünür ki, turnir çox yaxşı səviyyədə təşkil olunub. Hətta I Divizionda belə fit çalmış hakimlər, nümayəndələr işinə diqqətli yanaşır, oyunun protokolu tərtib olunur, bütün qeydlər aparılır, rəsmiləşdirilir. Yəni, hər şey “necə lazımdı”sa, məhz elədi. 

Üç hakim, iki kapitan, start fiti...

 

Sosialistlər millətçilərə qarşı
Keçək, komandalara. “Red Star”, tərcümədə “Qırmızı Ulduz” sosialist düşüncəli gənclərin komandasıdı. “Çempionatın sol yumruğu” olan qırmızılar özlərini işçi sinifə aid edirlər. Komanda fəhlə, ofisiant, bir sözlə, sadə peşə sahiblərinin nümayəndələrindən qurulub. Sponsorları yoxdu, bütün xərclərini özləri çəkirlər. “Red Star”ı bir qrup “Neftçi” azarkeşi yaradıb. Fanatların əksəri tanınmış “Neftçimania” fan-klubunun üzvləridi. 
“Vulvz”, tərcümədə “Canavarlar” (boz qurdlar), millətçi, əsasən türkçü gənclərin kollektividi. “Tenqri biz menen” – “Tanrı bizimlədir” şüarı ilə meydana çıxan komanda da kənardan dəstək olmadan, şəxsi büdcələri hesabına maliyyələşirlər. “Vulvz”un da yaranmasında “Neftçi” azarkeşlərinin rolu var. Ancaq əsas dəstək “Qarabağ”ın “İmarət Tayfa” və “Sektor 11” fan-klubundan gəlir. Şənbə günü tribunadakı fəallar da məhz onlar idilər.

Red Star Baku

 

"Wolves Baku"

 

Qaranlıqdan aydınlığa...
Enerji sərfi çox olmasın deyə meydançada projektorları matça cəmi 10 dəqiqə qalmış yandırdılar. O da ki, ala-yarımçıq. Fotoaparatım onsuz da ən son marka deyildi, işıqların güclü olmaması da normal çəkiliş etməyimin qarşısını aldı. Qaranlıqda ilk gördüyüm “Bozqurdlar”ın məşqi idi. Rəqiblərindən daha tez gəldilər, daha çox çalışdılar. “Red Star”çılar geciksələr də, normal isinmə hərəkətləri edə bildilər. Öncədən hər iki komandanın rəhbərinə yaxınlaşıb özümü təqdim etdim, reportaj hazırlayacağımı dedim. “Vulvz” tərəfi buna çox müsbət yanaşdı, nominal meydan sahibləri isə... Etiraz etmədilər, ancaq nədənsə narahat idilər. Oyundan sonra anladım ki, bu, matçın gərginliyindən alınmışdı. Qarşılaşma göstərdi ki, qırmızılar oyuna psixoloji baxımdan hazır deyildilər. Final fitindən sonra qısa açıqlama təklifimi rədd etmələrinin səbəbini də bununla əlaqələndirmək olar. Yetəri sayda tamaşaçı vardı və onlar da yerini tutunca, qarşılaşma tam 20:30-da başladı.

Matça qədər hər tərəf qaranlıq idi

 

“Boz qurd” rəqibini “parçaladı”
Qarşılaşmanın konkret futbol tərəfindən danışsaq, burda “canavarlar”ın aşkar üstünlüyü göründü. Az qala hər hücumlarında təhlükəli epizod yaradan qonaqlar, nə az, nə çox, düz 6 dəfə rəqib qapısına yol tapdılar! Şəkk-şübhəsiz darmadağın idi. “Qırmızılar” xüsusilə ikinci hissədə meydanda yalnız ora-bura qaçmaqla məşğul idilər. Hücum edə bilmir, müdafiədə ciddi səhvlər edirdilər. “Millətçilər” isə bundan maksimum yararlandılar. Hiss olunurdu ki, “boz qurdlar” kollektiv ruhunu daha yaxşı mənimsəyiblər, anlaşma səviyyələri yüksəkdi, hesabdan asılı olmayaraq “silahı yerə qoymurlar”, çox da həyəcanlanmadan, sona qədər döyüşürlər. Ona görə də əldə etdikləri qələbə qanunauyğun idi. Düzü, “Red Star”ın mübarizə tərzini anlamadım. Hesabda 3:0, 4:0, hətta 5:0 olanda belə pressinq etmir, komandanın yarısı ilə müdafiə olunur, bununla belə boşluqlar verirdilər. Məsələ aydın idi: “sosialistlər” psixoloji baxımdan hazır deyildilər. Onlardan tələb olunan yeganə şey təzyiqi artırmaq və heç olmasa, bir qol vurmaq idi. İkinci hissənin ortalarında, təxminən 3-5 dəqiqə buna şahidlik etdik və az qala istəklərinə nail olacaqdılar. Ancaq barıtın biratımlıq olması tezliklə ortaya çıxdı. “Red Star” sosialist ruhuna uyğun olmayan, tam mübarizəsiz, çəkingən bir çıxış nümayiş etdirdi. Nəticəsi isə 0:6-lıq məğlubiyyət oldu. “Millətçilik” isə “sosializm” üzərində şübhəsiz qələbə qazandı! Yenə. 24 il əvvəl olduğu kimi.

Matç...

...və qələbə!

 

Tribunalar - “qaynar nöqtələr”
Hər iki tərəfin fanatlarını qeyd etmək lazımdı. “Sosialistlər” böyükhesablı məğlubiyyətə rəğmən komandalarını sona qədər dəstəklədilər, onlara yenilgini unutdurmağa çalışdılar. “Kapitalist düşərgə” isə daha çılğın və səs-küylü idi. “Canavarlar”ın azarkeşləri oyunboyu dayanmadılar, az qala hər qoldan sonra fişəng yandırıb, petard atdılar. Kimsə deməsəydi, kənardan hansısa Premyer-Liqa matçı olduğunu düşünmək olardı. 200 real azarkeş yüksək dəstədə əməlli-başlı tamaşaçı sayı deməkdir. Şüarlara gəlincə, hər iki tərəf stadionlarda eşitməyə öyrəşdiklərimizi səsləndirdilər, komandalarını qələbəyə səslədilər. Arada milliyətçi və sosialist cümlələri də eşitmək olurdu ki, bu da təbiidi. Ancaq heç bir aqressiyadan söhbət gedə bilməzdi. Bəli, istər “qırmızılar”, istərsə də “mavilər” üçün bu matç prinsipial əhəmiyyət daşıyırdı. Amma qələbə “nəyin bahasına olursa-olsun” prinsipiylə əldə olunmamalı, meydanda da, ondan kənarda da futbol qalib gəlməli idi. Çünki futbolun əsas funksiyası insanları bir araya gətirmək, problemlərini bir neçə saatlıq da olsa unutdurmaq, emosiyaların müsbət yöndə sərfinə nail olmaqdı.

Qırmızılar anti-faşizm...

...və SSRİ bayrağı açdılar

 

Millətçilər isə "Bozqurd" işarəsi ilə başlayıb...

...türk bayrağı açmaqla davam etdilər və...

...sosialistlərə "Xeyirli gecələr" arzuladılar

 

Şəhidlərə həsr olunan qələbə
Yuxarıda da qeyd etdim ki, matçdan sonra komanda rəhbərlərinə yaxınlaşıb söhbət etmək, kollektivləri barədə öz dillərindən eşitmək, onların bir araya gəlmə səbəbləri, mübarizə məqsədlərini, futbol sevgilərinin dərəcəsini müəyyənləşdirmək istədim. Ancaq ağır yenilgi alan “qırmızılar” bu istəyimə “yox” deyə cavab verdilər. “Bizə media lazım deyil” cümləsi isə başqa şeydən xəbər verirdi. Sosialist düşüncə, həm də inqilabçı, etirazçı bir baxışa çevrilmişdi. Mənə isə onlara yalnız uğurlar diləmək və “qarşı düşərgə”yə yollanmaq qalırdı. “Vulvz”un rəhbəri Ağa İbrahimli isə rahat danışdı: “Sosial şəbəkələrdə Azərbaycan Həvəskarlar Liqası komanda yığırdı. Mən də “niyə də yox” sualını verdim özümə. Biz millətçi gənclərik, rəqiblərimizə prinsipial yanaşırıq. Məqsədimiz milli dəyərləri təbliğ etməkdir. Hədəfimiz bir yox, bütün oyunlarda qalib gəlmək, çempion olmaqdı. Ondan sonra yuxarı dəstəyə çıxıb, orda qızıl medallar əldə etmək və I Divizionda oynamaqdır. Yəni hədəflərimiz böyükdür. Bu oyunda qələbə qazandığımız üçün sevinirik. Matça ciddi hazırlaşmışdıq. Rəqibin hansı baxış bucağında olması bizi maraqlandırmır. Biz hamını yenmək, belə demək olarsa, gücümüzü ortaya qoyub, onların gözünü qorxutmaq istəyirik. Məhz bu baxımdan hər matç prinsipial xarakter daşıyır. Komandamız sadə insanlardan qurulub. Öz dost-tanışlarımız, milli-mənəvi dəyərlərimizin tərəfdarları, yaxşı futbol həvəskarlarıyıq. Heç kimdən asılı deyilik, maliyyələşmirik. Özüm “Sektor 11” qrupunun üzvüyəm. Azərbaycanı, onun futbolunu sevirik, dəstəkləyirik. Göstərmək istəyirik ki, Həvəskarlar Liqasında da güclü dəstək ola bilər. Heç bir çox Premyer-Liqa matçlarında belə azarkeş, tamaşaçı olmur”.
Oyun bitən kimi “Vulvz”un baş məşqçisi, eyni zamanda rəhbəri olan Ağa İbrahimli bu qələbəni, noyabrın 7-si milli qəhrəmanlarımız Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn günü ildönümü olduğundan bütün şəhidlərə həsr etdi. Millətçiliyin ta şah damara işləməsi bu olsa, gərək...

Bozqurdlar qələbəni bayram edirlər

 

Son söz əvəzi
Oyunun nəticəsini (6:0) bir kənara qoyuram, çünki danışası bir söz yoxdur. Əsas meydandan kənardakı emosiyalar idi ki, onları da hiss etməyə dəyərdi. Bəli, aşkar görünürdü ki, bu komandalar barışmaz rəqiblərdilər və qarşılaşmaya çox prinsipial yanaşırlar. Şüarlar, söz atışmaları... Ancaq hakimin cəmi bir sarı vərəqə göstərməsi, qırmızıya ehtiyac duymaması meydanda, matçdan sonra komandaların səmimi görüşməsi, bir-birilərinə uğurlar arzulaması, dostluq nümayiş etdirməsi əsas qeyd olunası məqam idi. Derbidə ideologiyalar toqquşsa da, dostluq və futbol qələbə qazandı. Bütün rəqabətlər belə bitsə, nə vardı ki....

Sonda dostluq qalib gəlir

 

Kənan Məstəliyev, “Rekord.az”