Son günlər futbol üzrə Azərbaycan millisinin futbolçusu Emil Balayevin Qazaxıstan klubu "Tobol"dan ayrılaraq ölkəmizə dönməsi böyük müzakirələr yaradıb.

Rekord.az xəbər verir ki qapıçının erməni baş məşqçi gəldikdən sonra Kostanay təmsilçisindən ayrılması və hazırda klubsuz qalması onun haqqında əsaslı və ya əsassız iddiaların yaranmasına səbəb olub.

Yenisabah.az hazırda klubsuz qalan məşhur futbolçularımız haqqında qısa araşdırma edib:

 

Emil Balayev

25 yaşlı qolkiperin həyatında legioner dönəmi 2016-ci ildən "Ayntraxt" (Almaniya) ilə başlayıb. Lakin sonradan futbolçu "Səbail"ə keçib. Ötən il onun yenidən legioner həyat yaşamağa başlaması azərbaycanlı futbolsevərləri həvəsləndirsə də, "Tobol"a erməni baş məşqçinin gəlişi ilə hər şey dəyişib. Futbolçunun Azərbaycana dönməsi onun ölkə klublarından biri ilə anlaşacağı iddiasını yaratmaqdadır. Milli üzvünün adı tez-tez "Qarabağ", "Neftçi" və "Səbail"lə hallanır. Ancaq Qazaxıstan mətbuatı E.Balayevin yenidən ora dönəcəyini və hər hansı klubla saziş imzalayacağını yazır.

 

Ramil Şeydayev
Azərbaycan millisinin futbolçusu son olaraq "Dinamo"da oynayıb. Moskva klubundan qalmaqallı şəkildə ayrılan, Rusiya mətbuatının tez-tez tənqid etdiyi hücumçu hazırda klubsuzdur. Ramil Şeydayevin adı "Neftçi" ilə hallanır. Sosial şəbəkələrdə Bakı klubunun azarkeşlərinin də futbolçunun transferini istədiyinin şahidi oluruq. Xatırladaq ki, R.Şeydayev "Dinamo"dan öncə, "Krılya Sovetov"da çıxış edib. Rusiya mətbuatında futbolçuya Moskva klubuna gəlməmişdən öncə böyük inamın olduğu, lakin Ramilin "Dinamo"ya keçdikdən sonra bunu doğrultmadığı yazılır.

 

Kamran Ağayev
Azərbaycan milli komandasının keçmiş qapıçısı da klubsuz futbolçular sırasındadır. Son olaraq, "Keşlə" klubunda çıxış edən futbolçu açıqlamalarında xarici klublarla danışıq apardığını desə də, hazırda 34 yaşlı qolkiper işsizdir. Onun karyerasını bitirəcəyi ilə bağlı da xəbərlər yayılır.

 

Vaqif Cavadov
Azərbaycan millisinin sabiq hücumçusu ən son "Keşlə"də oynayıb. Futbolçu da klubsuzlar siyahısında yer alıb. Bir zamanlar "Tvente" "Volqa", "Boluspor", OMİK kimi xarici klublarda çıxış edən 30 yaşlı oyunçunun hazırda şəxsi biznesi ilə məşğul olduğu deyilir. Klubsuz olsa da, futbolçu hazırda karyerasını bitirməyi düşünmür.

 

Elvin Məmmədov

Karyerası ərzində ancaq Azərbaycan klublarında çıxış edən 31 yaşlı yarımmüdafiəçinin son çıxış etdiyi klub "Zirə" olub. İlin əvvəlində Bakı klubundan ayrılan Azərbaycan millisinin sabiq üzvü də klubsuzlar içində yer alır. Onun karyerasını hansı klubda davam etdirəcəyi dəqiq bilinmir.

 

Elhad Nəziri
27 yaşlı futbolçu son olaraq "Rəvan"da çıxış edib. O, Bakı klubunun dağılmasından sonra bir neçə dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlməyi bacarsa da, özünə klub tapa bilməyib. Hazırda klubsuz olan müdafiəçi "Rəvan"dan başqa "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan", "İnter" kimi Azərbaycan klublarında, "Metalul", "Petrolul, "Milsami" kimi xarici klublarda oynayıb. Onun karyerasını bərpa edəcəyi gözlənilmir.