Elxan Məmmədovun bir müddət öncə verdiyi müsahibədə yığmanın uğursuzluğuna görə baş məşqçi ilə futbolçuları günahlandırması Nikola Yurçeviçin yığmadakı gələcəyini təxmin etməyə “toxum səpdi”. Xorvatın müqaviləsinin müddəti fevralda başa çatacaq deyə, indidən heç nə demirlər, İcraiyyə Komitəsinin iclasını gözləyirlər. Lakin hamıya gün kimi aydındı ki, nə qrupda yığılan 1 xal, nə Yurçeviçin oynatdığı futbol, nə də formalaşdırdığı nizam-intizam “yuxarılar”ın ürəyincədi. Çox güman, Elxan Məmmədovla dəstəsi indidən əl-ayağa düşüb, neftin pullarının havaya sovrulması üçün növbəti əcnəbinin axtarışına çıxıblar.
Onsuz da gördükləri faydasız işin qarşısını ala bilmirik. İstədiklərini edir, istədiklərini dəvət edir, yekunda istədikləri qədər “yeyirlər”. Heç olmasa, baş işlətsinlər. Baş işlətsinlər ki, yanlış ünvana getmək əvəzinə yollarını yenidən Xorvatiyadan salsınlar. Xarici mütəxəssis olacaqsa, Bosniya və Hersoqovinadakı fəaliyyətini başa vuran Robert Prosineçkiyə minnətçi düşsünlər. Məlum “Bursaspor” məsələsində başına açılan oyundan sonra Robertin yenidən Azərbaycanda işləməyə “hə” deyəcəyi inandırıcı görünmür. Amma razı salmaq lazımdı. Ölkəni tanıyır, futboluna bələddi, futbolçuların nəyə qadir olduğunu bilir.
Təbii, bu bizim təxminimiz və istəyimizdi. AFFA-dakıların hansı havada olduqlarını deyə bilmərik. Bəlkə də Prosineçki ilə danışıblar, bəlkə də görüşün tarixini müəyyən ediblər. Biz də öz növbəmizdə həm hadisələri qabaqlamaq, həm də xorvstın yenidən bura qayıtmaq niyyətində olub-olmadığın öyrənmək üçün dünən özü ilə əlaqə saxladıq. Təcrübəli çalışdırıcıdan konkret cavab ala bilməsək də, onun dediklərindən futbolu az da olan anlayan mütləq nəticə çıxaracaq.


- Sizi Azərbaycandan, “Futbol+” qəzetindən narahat edirəm. Necəsiz?
- Hə, lap yaxşı. Yaxşıyam. Siz necəsiz?
- Biz də yaxşıyıq, şükür. 3-5 dəqiqə vaxtınızı alacam.
- Eşidirəm.
- Hardasız? Xorvatiyada, yoxsa Türkiyədə?
- Türkiyədə nə işim var? Zaqrebdəyəm.
- İstirahətiniz necə keçir?
- Pis deyil, dincəlirəm. Deyin, nə soruşmaq istəyirsiz?
- AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq. Assosiasiyanın Yurçeviçlə yola davam edəcəyi inandırıcı görünmür. Rəhbərlərin legioner mütəxəssislərə üstünlük verdiyini nəzərə alsaq, çox güman, yığmanın yeni baş məşqçisi əcnəbi olacaq. İnsanlar bu postun yenidən sizə tapşırılacağından danışırlar. Ölkə futboluna bələdsiz, futbolçuları tanıyırsız və s. Maraqlıdı, AFFA-dan bu məsələ ilə bağlı sizinlə görüşən olub?
- Xeyr, heç kimlə görüşməmişəm. Dediyim kimi, Zaqrebdəyəm.
- Bəs telefon danışığı?
- O da olmayıb.
- Özünüz necə, bu işdə maraqlısız?
- İndi bu barədə danışmaq istəmirəm. Neçə vaxtdı istirahətsiz işləyirəm. Bu dəqiqə istirahətə ehtiyacım var. 5-10 gün dincəlim, ondan sonra nə edəcəyimlə bağlı qərar verəcəm. Hələ ki futboldan uzağam.
- Birdən AFFA-dan zəng gəlsə?
- Bilmirəm, bilmirəm... Dediyim kimi, istirahət edirəm.
- Azərbaycan üçün darıxmısız?
- 3 il orda işlədim, heç bir problemim olmadı. Sadəcə, indiki vəziyyətdə istirahətə ehtiyacım var. İstirahət edim, düşünüm, sonrasına baxarıq.
- Tamam, 10 gündən sonra yenidən sizinlə əlaqə saxlayacam.
- Oldu, danışdıq.