Rekord.az "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun müsahibəsini sizə təqdim edir:

 

- “Neftçi”də vəziyyət necədi? Gedib-gəlirsiz, maraqlanırsız?
- Əlbəttə, maraqlanıram. Vəziyyət gördüyümüz kimidi, mənim nəsə deməyimə ehtiyac yoxdu. İclas olmalıdı, gözləyirik.
- Nə vaxtdı iclas?
- Konkret gün deməyiblər. Yəqin ki, tarixi dəqiqləşdirən kimi bizə də məlumat veriləcək.
- İclasın xüsusi səbəbi var, yoxsa ilk yarının yekunları ilə bağlıdı?
- Əsasən yekunlarla bağlıdı. Yığışanda, təbii ki, başqa mövzularda müzakirələr də olur. Amma bu gün əsas söhbət mövzusu çempionatın ilk yarısı və nəticələrdi.
- Maraqlıdı, ilk yarı ilə bağlı sizin düşüncələriniz necədi?
- Komanda əladı, uşaqlar da maşallah, hamısı sözünü demiş futbolçulardı. Bu gün “Neftçi”də əla heyət var. Nəsə Bordin bir az... Kollektiv ola bilmirlər.
- Heyətdəki adlara baxırsan, adamın gözləri bərəlir. Bu komandanı hansı məşqçiyə versən, “Qarabağ”a nəfəs almaq imkanı verməz.
- Sizi inandırım, hətta “Qarabağ”ı keçmək də olar. Kollektiv olmalıdı, hamı can yandırmalıdı. Nə bilim, vallah.
- “Qarabağ” son bir ayda fiziki və psixoloji yüklənmə altındaydı. Hətta Qurban Qurbanov da hər açıqlamasında bunu çəkinmədən söyləyirdi. “Zirə”, “Qəbələ”, “Keşlə” kimi rəqiblərlə oyunlarda xal itirdiklərini xatırlayıram. “Neftçi” hətta bu durumda belə fərqi azalda bilmədi.
- Tam düz qeyd edirsiz. Bir dəfə uşaqları bir yerə yığıb söhbət etdik. Bir az özlərinə gəldilər, düzəldilər. Qış fasiləsinə yaxın yenə eyni şey.
- Bordinin ən böyük problemi komandada ailə ortamı yarada bilməməsidi. Razısız?
- Bayaqdan elə bunu demək istəyirəm. Uşaqlarla dil tapa bilmir. Futbolun içində olmuşuq, bu gün də futboldayıq. Hər futbolçunun öz dili var, məşqçi də hərəylə öz dilində danışmalıdı. Birinin başına sığal çəkməlisən, o birinin üstünə qışqırmalısan. Hamıya birdən sığal çəkmək, yaxud hamının üstünə qışqırmaq mümkün deyil. Bilirsiz, necədi? Məşqçinin əlinin altında 4-5 nəfər olmalıdı. Həmin futbolçular baş məşqçinin “sağ əli” sayılır. Həmin 4-5 nəfəri yanında saxlayırsan, o 4-5 nəfər də qalan 4-5 nəfəri yanına çəkir, vəssalam, olur komanda. Bordin bunu edə bilmədi, bacarmadı.
- Adamın xarakterində ciddi qüsurlar var. Jurnalistlərlə “atışır”, həmkarları ilə yola getmir, hakimlərdən gileylənmədiyi oyun yoxdu, öz futbolçuları tərəfindən sevilmir.
- Bəli, tam razıyam. Az qala hər oyun sarı vərəqə alır. Mətbuatda oxuyuram ki, bəzi futbolçularla yola getmir. Rəhbərlik ona və futbolçulara lazım olan şəraiti yaradıb, nə istəyir, edirlər.
- Qış fasiləsində yola salınması mümkündü?
- Açığı, belə bir söhbətimiz olmayıb. Belə getsə, əlbəttə, nəsə olacaq. Komandaya köməyi dəymirsə... “Sumqayıt” cavab oyununda ortaya heç nə qoymadı, sırf nəticəni qorumaq haqda düşünürdülər. “Neftçi” onları ayaqlaya-ayaqlaya keçməliydi. Bordin uşaqları hazırlaya bilmədi.
- Müşahidə Şurasının üzvü olaraq Roberto Bordinin işindən narazısız, günahı onda görürsüz.
- Bəli-bəli. Nəticə yoxdusa, cavabdeh odu. Yenə deyirəm, rəhbərlik lazım olan şəraiti yaradıb. Yəqin ki, bu iclasda nəsə bilinər. Ya göndərilər, ya da qarşısına konkret tələb qoyular. Onunla idman dilində danışmaq lazımdı ki, başa düşsün. ("Futbol plus" qəzeti)