Yanvarın 8-də keçirilən AFFA-nın növbədənkənar Konfransında qəbul edilən qərarlar arasında qurumun 1-ci vitse-prezident postunun ləğv edilməsi, biri icraçı-vitse-prezident olmaqla saylarının cəmi 4 vitse-prezidentə çatdırılması diqqət çəkib. Müzakirələr bu şəxslərin kimliyi ətrafında aparılır.

 

"Rekord.az" bu barədə, daha doğrusu 4-cü vitse-prezidentin kimliyi haqda məlumat əldə edib. Federasiyaya yaxın mənbənin sözlərinə görə, bu, hazırda "Keşlə"nin prezidenti olan Zaur Axundovdur.

 

Uzun illər, Azərbaycan Futzal Federasiyasına rəhbərlik edən, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvü olan Axundov, həm də baş. sponsor SOCAR-da etibar qazanmış, sınaqdan keçmiş bir kadr kimi tanınır. "Keşlə"nin prezidenlik üçün məhz ona verilməsinin səbəbi də budur.

 

Kuluarlarda yeni vitse-prezidentliyə namizəd Axundovdur və yanvarın sonuna qədər nəsə fors-major hadisə baş verməsə, o da seçiləcək. İK-nın son iclasından sonra jurnalistlərə açıqlamasında "mənim üçün əvvəlcə milli komanda, sonra "Keşlə" gəlir" cümləsini də Zaur bəy, boşuna işlətməyib. Bunu onun tərəfindən verilən mesaj kimi də qəbul etmək olar.

 

Qeyri-müəyyən olan yeganə məsələ isə Axundovun vitse-prezident kimi təyinatından sonra "Keşlə"yə kimi rəhbərlik edəcəyidi. Çünki hər iki postu tutması mümkün olmayacaq. Böyük ehtimalla, Axundov istefa verərək ya öz yaxın adamlarından birini ora təyin edəcək, ya da təzə prezidentin kimliyi barədə qərar daha yuxarı instansiyalarda veriləcək