Axşam Azərbaycan derbisi var. Həmişə deyirik ki, turnir cədvəlindəki yerindən asılı olmayaraq bu rəqiblərin istənilən qarşılaşması diqqət mərkəzində olur. Bu da təbiidi. Ölkənin iki ən titullu komandası üz-üzə gəlirsə, cari duruma baxmaq olmaz. "Qarabağ"la "Neftçi" qarşılaşır! Ad elə afişadı.

 

O ayrı söhbətin mövzusudu ki, hazırda "Neftçi" I Liqa səviyyəsinə düşüb, performansı yüngül desək, ürəkaçan deyil. Komandada, klubda o qədər problem var ki, danışmağa illər yetməz. Canlı meyiddi "Neftçi"... 

 

Hər halda, bu günlük bu cari durumu kənara ata bilərik, çünki start fiti çalınandan sonra bu məsələlər ikinci plana keçir. Keçməlidi. 

 

Favorit isə bəllidi. "Qarabağ"ın qələbə qazanacağı o qədər aşkardı ki, artıq nəticəni yox, onun necə əldə ediləcəyi müzakirə mövzusudu. Yəqin ki, aşağıdakı kimi olacaq. 

 

"Qarabağ" gələn həftə ağır "Tottenhem" səfərinə yollanır. "Neftçi" ilə matç sınaq xarakteri daşıyacaq. Burda iki variant var. Birincisi, zədədən qaçmaq və ouunçuları yormamaq üçün nisbi əsas heyətlə oynamaqdı. Bu, ilk baxışdan məntiqli görünür, çünki əsas-ehtiyat qarışıq heyətlə də bakılıları yenmək olar. 

 

Ancaq ikinci variant mənə daha məntiqli görünür. Qurban Qurbanov mütəmadi olaraq gileylənir ki, əsas heyət oyunçularından ibarət start heyətini ancaq avrokuboklarda "yoxlaya" bilir. Daxildə isə bəzən bir, bəzən də digər yarısına şans verib, tonusda saxlamağa məcburdu. "Tottenhem" səfərində isə komanda tam hazır olmalı, anlaşma maksimal səviyyədə olmalıdı. Bunu gerçəkləşdirmək üçün isə yüksək tempdə bir yoxlama matçı lazımdı. Bu cümləni yazmaq nə dərəcədə ağır olsa da, "Neftçi" bu cür "yoxlama" rəqib kimi ən yaxşı variantdı. Qalib gəlmək istəyəcək, gərginlik, ajiotaj olacaq. Ona görə də "Qarabağ" bu matça ən optimal heyətlə çıxa, təxminən 60 dəqiqə ortaya maksimal temp qoya, London səfərində həyata keçirmək istədiyi bəzi gedişləri sınaya bilər. Məncə məhz belə də olacaq. 

 

Hə, 60 dəqiqə maksimal oynayan "Qarabağ"a qarşı "Neftçi"nin hansısa əks planı varmı? Olmamış olmaz, amma ağdamlılar bu cür oynasalar, hesab faciəvi ola bilər. Təxmin etmək belə istəmirəm.

 

Hər halda, qarşılaşma çox maraqlı keçəcək. Həm meydanda yaxşı futbol görəcəyik, həm də ondan kənarda ajiotaj ən yüksək həddə olacaq. Mütləq izləyin. Gələ bilirsizsə tribunadan, bilmirsizsə televizor qarşısında. Nə olursa-olsun, bu, Azərbaycan derbisidi!