"Araz Naxçıvan"ın futbolçusu Felipe Santos Rekord.az-a müsahibə verib:

 

- Felipe, "Səbail"i məğlub edib zirvəyə yüksəldiniz. Amma ilk hissədə işlər qaydasında getmədi və fasiləyə məğlub yollandınız. Fasilədən sonra nə baş verdi?

- Əslində ilk hissədə də qol vurmaq imkanlarımız oldu. Mən özüm də qol epizodunu qaçırdım. Əvəzində rəqib qol vurdu. Fasilədə başa düşdük ki, toparlanmaq lazımdır. Baş məşqçimiz də bunun vacibliyini bildirdi. İkinci hissədə oyunumuzu düzəltdik və vurduğumuz qollarla vacib qələbə qazandıq. Bu oyunda 3 xal bizim üçün çox vacib idi.

- Bu qələbədən sonra liderliyə yüksəldiniz. Bunu qoruyub saxlamaq nə dərəcədə çətin olacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Çətin oyunlarımız olur, bundan sonra da olacaq. Çalışacayıq ki, hazırkı oyunumuzu və nəticələrimizi əlimizdə saxlamağı bacaraq.

- Səncə, "Araz Naxçıvan" qışa qədər ilk "üçlük"də möhkəmlənə biləcək?

- Hələ qışa qədər vaxt var, indidən bu haqda qəti söz demək çətindi. Amma dediyim kimi, hazırkı oyunumuzu oynamağa davam etsək, nəticəmiz də yaxşı olacaq.

- Cari mövsüm Maçado ilə birlikdə komandanın bombardirisiniz, hərəniz iki qol vurmusunuz. Bombardir olmaq kimi bir niyyətin, istəyin varmı?

- Əlbəttə, daha çox qol vurmaq istəyirəm. Bilirəm ki, bu günə qədər keçirilən oyunlarda bir sıra qol epizodlarını qaçırmışam. "Səbail"lə bugünkü oyunda da qaçırdığım epizodlar oldu. Düzdür, Maçado meydançanı tərk edəndən sonra mövqeyimi də dəyişməli oldum. Amma daha çox qol vurmaq istəyirəm. Təbii ki, əsas olan komandanın uğurudur. Amma öz üzərimdə daha çox çalışıb oyunlarda daha çox qol vurmağı qarşıma hədəf kimi qoymuşam.

- Sonda "Turan Tovuz"la ötən tur Tovuzda keçirilən oyunda yaşananlara toxunaq. Qol vuranda sonra tribunaya tərəf gedərək bunu çox aqressiv şəkildə qeyd etdin. Tovuzlu azarkeşlər isə bunu onlara qarşı hörmətsizlik kimi qəbul etdi və sənə kəskin etirazlarını bildirdilər. Həmin olaya özün aydınlıq gətirsən yaxşı olar...

- Həmin oyun bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. "Turan Tovuz" prinsipial rəqibimizdir. Mənə qarşı orada olan münasibət də fərqli olur, xoş olmur. Qoldan sonra göstərdiyim emosiya da həmin münasibətə görə idi. Amma mənim kiməsə hörmətsizlik etmək kimi niyyətim olmayıb. Sadəcə, qolumu emosional şəkildə qeyd etmişəm.

 

Anar XANLAROV