Qriqorçuk transferi əla. Hər zaman bu fikiri demişəm ki, illah da legioner məşqçi istəyirsənsə Rusiyadan, Ukraynadan olan mütəxəssislər bizim üçün daha münasibdi. Qriqorçuk həm güclü məşqçidi, həm də daha əvvəl Azərbaycanda işləyib və bizim futbolu bilir. "Qəbələ"də əla komanda yaratmışdı. Düzdür, çempion ola bilmədi, amma komandanı iki dəfə avrokuboklarda qrupa daşıya bildi. Üstəlik, yeganə məşqçi idi ki, bir komandanı ilkin təsnifat mərhələsindən qrup mərhələsinə kimi daşımağı bacarmışdı. Özü də iki il ardıcıl olaraq. Əgər işinə müdaxilə olmasa, "Qəbələ"dəki kimi, transferlərdə tam sərbəstlik versələr, lazımı şərait yaratsalar, "Neftçi"də də çox güclü kollektiv yaradacaq. Çünki "Qəbələ"də işlədiyi zaman rəhbərlik tərəfindən onun işinə heç bir müdaxilə yox idi. Tam sərbəst şəkildə öz işini görürdü. "Neftçi" rəhbərliyi də eyni uğurların qazanılmasını istəyirsə, ukraynalının işinə müdaxilə etməməlidir.

 

Hər halda, görünən budur ki, növbəti mövsüm "Qarabağ"a qarşı layiqli müqavimət olacaq. Qriqorçukli "Neftçi", Berdiyevli "Turan", eləcə də yaxşı büdcəsi olan "Sabah"ı da unutmaq olmaz. "Zirə"ni də həmçinin. Samir Abasov faktorunu da nəzərə alsaq, "Sumqayıt" da bütün iddialılara diş atacaq. Gözləyək, görək!

 

Anar XANLAROV