Qobustan İdman Kompleksində "26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü" münasibətilə uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd "26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nün qeyd olunması, uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.

Turnirdə Azərbaycan Stolüstü tennis Federasiyasının Qobustan və Şamaxı rayonları üzrə bölmələrinin 3 yaş qrupu üzrə 30 idmançısı iştirak etmişdir.

2013-2015-ci il təvəllüdlü oğlanlar arasında Musayev Tural, Heydərov Elnur və Mədətov Əli, 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında Gülməmmədli Mərhəmət, İmanlı Nail və Səfərov Şöhrət, 2008-2010-cu təvəllüdlü oğlanlar arasında isə Mamedov Məhəmməd, Qasımov Ramal və Mamedov Telman fərqlənərək müvafiq olaraq 1-3-cü yerlərə sahib çıxmışlar.

Qızların mübarizəsində Qaroğlanova Fatimə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Mükafata layiq 2-ci və 3-cü yerlərə onun komanda yoldaşları Niftəliyeva Zəhra və Yüzbaşıyeva Səadət layiq görülmüşlər.

Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunmuşdur